II Qarabağ müharibəsinin yekunu olaraq imzalanmış 10 noyabr 2020-ci tarixli atəşkəs bəyanatının tələblərindən biri bölgədə nəqliyyat layihələrinin həyata keçirilməsi, o cümlədən Naxçıvanla Azərbaycancanın qalan ərazisini birləşdirən “Zəngəzur dəhlizi”nin açılmasıdır.
Ermənistan Zəngəzur dəhlizinin açılmasını uzadır. Bu tələbin uzadılması Ermənistanı hansı duruma sala bilər?
Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanın üçtərəfli razılaşmanın təkcə Zəngəzur dəhlizi ilə bağlı yox, digər müddəalarını da pozur:
“Lakin onların içərisində ən diqqət çəkəni Zəngəzur - yəni “Mehri dəhlizi”dir. Dünənə qədər Ermənistan bütün dünyaya bağırırdı ki, Türkiyə və Azərbaycan bizə qarşı dözülməz blokada təşkil edib, blokadadayıq. İndi isə fürsət yaranıb ki, onlar həm blokadadan çıxsın, həm də Avropaya, Rusiyaya, Asiyaya gedən yollara öz dəmir yollarını qoşsunlar. Bununla ölkənin iqtisadiyyatı da dirçələcək”.
Politoloqun fikrincə, Ermənistan Türkiyə ilə Azərbaycan arasından keçən “Turan yolu”nun açılmasından qorxur:
“Müxalifətin, xüsusilə də “Qarabağ klanı”nın nümayəndələri bu məsələdə insanların içərisində daha çox panika yaratdılar. Lakin ağıllı, Ermənistanın gələcəyini düşünən insanlar bilirlər ki, “Mehri dəhlizi” ilk növbədə Ermənistan üçün sərfəlidir. Və bu bölgədə kommunikasiya xətlərinin açılması bütün ölkələrin iqtisadi inkişafına kömək olacaq. Hələ ki Ermənistan bu məsələni uzadır. Bunun üzərində daha çox dayanan isə Rusiyadır.
Rusiya zənnimcə, Ermənistanı böyük etirazlardan əl çəkməyə vadar edəcək. Çünki bu həm də Rusiyanın maraqlarına xidmət edir. Rusiya Yaxın Şərqə açılmaq üçün geniş bir dəhliz və ucuz qiymətə dəmiryolu əldə edir. Ermənistanın strateji mövqeyi yoxdur. Onlara lazımdır ki, dünyaya etibarlı bir çıxış yolu əldə etsinlər. Onu da “Mehri dəhlizi” ilə əldə edə bilərlər. Azərbaycan Gümrü-Qars dəmiryolu vasitəsi ilə Bakı-Tblisi-Qars dəmiryoluna da qoşula bilər. Yəni Ermənistan əməkdaşlığa getsə, Azərbaycanın bölgədə reallaşdırdığı bir çox iqtisadi layihələrə də qoşul bilər. Bu isə Ermənistan iqtisadiyyatını tənəzzüldən xilas edəcək”.
Nəzrin Vahid