Azərbaycan Qarabağın işğalı və bölgənin sərvətlərinin 30 il ərzində istismar edilməsinə görə Ermənistanı beynəlxalq məhkəməyə verəcəyini açıqlayıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi Yerevan beynəlxalq arenada üzləşəcəyi təzminat tələblərinə qarşı müdafiə olunmaq üçün diaspor ermənilərindən yardım istəyib.
Diasporla İş üzrə Ali Komissar Zare Sinanyan Beynəlxalq Erməni Hüquqşünaslar Assosiasiyasının 30-dan artıq üzvü ilə onlayn konfrans keçirib.
Konfransa ABŞ, Rusiya, İsveçrə, Kanada, Hollandiya, Fransa, Almaniya, Ermənistan, Argentina, Belçika, Böyük Britaniya və İsveçrdən olan erməni mənşəli hüquqşünaslar qatılıb.
Görüşdə Ermənistan və diaspor ermənilərinin hüquq sahəsində çalışan təşkilatlarının fəaliyyətinin koordinasiyası, beynəlxalq arenada Ermənistana qarşı kompensasiya və s. xarakterli iddiaların qarşısının alınması üçün hazırlıq işləri və digər məsələlər müzakirə edilib.