Bu gün geniş müzakirə olunmasa da, qələbədən sonra cəmiyyəti ən çox maraqlandıran məsələ budur: Məcburi köçkünlər doğma torpaqlara qayıdacaqmı, nə qədəri qayıdacaq, nə vaxt qayıdacaq? Amma bu, göründüyü kimi, sadə məsələ deyil, öz cavabını gözləyən suallar, görüləsi işlər çoxdur... Araşdırmaq olar...
- Dünya praktikası nə deyir? Təbii ki, burda əsas zaman məsələsi və sosial şəraitdir. Məcburi köçkünlər əgər bir neçə il ərzində öz doğma yurdlarına qayıdırlarsa, onların 80-90 faizi geri qayıdır. Zaman keçdikcə, bu say azalır. Məsələn, 10 ildən sonra, əgər evləri dağılmayıbsa, 30-40 faiz, yalnız yaşlılar qayıdır. 20 il keçdikdən sonra, bizdəki kimi, evləri dağılıbsa, ən pis halda 5, ən yaxşı halda 10 faizi qayıdır. İndi, özünüz hesabınızı götürün.
2. Bizdə vəziyyət necədir? Bizdə vəziyyət pisdir, ermənilər dağıda bildiklərini dağıdıblar, dağıda bilmədiklərini yandırıblar, dağıda və yandıra bilmədiklərini isə minalyıblar. Deməli, bizdə sözün əsl mənasında, analoqu olmayan bir vəziyyətdir. Əvvəl bütün ərazilər minadan təmizlənməli, sonra infrastruktur bərpa olunmalı, şəhərlər və kəndlər abadlaşdırılmalı, minimum sosial şərait yaradılmalıdır. Ancaq bundan sonra məcburi köçkünlərin doğma yurdlarına qayıtmasından danışmaq olar. Bu proses də ən yaxşı halda 5 il çəkəcək. Yəqin ki, Rusiya sülhməramlılarının 5 illiyə gəlməsi də məhz bu amillərə əsaslanıb. 5 ildən sonra Qarabağın azərbaycanlı və erməni icmalarının dinc və yanaşı yaşaması təmin olunarsa, hər hansı sülhməramlılara da ehtiyac qalmaz...
3. Şübhəsiz ki, dövlət siyasətindən çox şey asılıdır. Məcburi köçkünlərin qayıtması ilə bağlı 5 illik Dövlət Proqramı olmalıdır. Hökumət hər şeyi öz axarına buraxarsa, məcburi köçkünlərin qayıtması da zamanın axarına buraxılacaq. Hökumət vaxt itirmədən işğaldan azad olunmuş şəhər və kəndlərdə sosial layihələrin (mənzil şəraiti, iş yerləri, tibb və təhsil məsələləri) həyata keçirilməsinə başlamalıdır. Yeri gəlmişkən, bu istiqamətdə müəyyən işlər artıq gedir. Amma vaxt itirmək olmaz, işğaldan azad olunmuş ərazilər minadan təmizlənən kimi, məcburi köçkünlərə faizsiz, uzun müddətli kreditlər (ipoteka kimi) verilməli və onlar doğma torpaqlarda ev tikməyə, yurd salmağa həvəsləndirilməlidir. Yeri gəlmişkən, standart evlər tikmək, kəndlər, şəhərlər salmaqdansa, insanlara öz evlərini, kəndlərini, şəhərlərini bərpa etməyə şərait yaratmaq daha sərfəlidir. Təbii ki, heç kimi zorla köçürmək olmaz, camaat Azərbaycan vətəndaşıdır, kim harda istəyir, orda yaşamalıdır. Amma burda inzibati metodlarsız da keçinmək olmayacaq. Məcburi köçkünlərin böyük bir hissəsi imkansız təbəqədir, Bakıda və rayonlarda başqalarına məxsus olan evlərdə və mənzillərdə müvəqqəti yerləşmişdir. Onlar dogma yurdlarına qayıtdıqdan sonra, bu mənzillər və evlər boşaldılmalı, sahiblərinə qaytarılmalıdır. Məcburi köçkünlərin bir hissəsi isə imkanlı və pullu adamladır, onlar dogma yurdlarına qayıtmaq və öz evlərini özləti tikmək, bərpa etmək istəyirlər. Təbii ki, bu cür hallar da araşdırılmalı, onlara hər cür şərait yaradılmalıdır...
Qalib ARİF