Modern.az

Leyla Əliyevanın şeirlər toplusu qırğız və rus dillərində çap oldundu

Leyla Əliyevanın şeirlər toplusu qırğız və rus dillərində çap oldundu

17 Mart 2021, 15:14

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeirlər toplusunun təqdimat mərasimi keçirilib. Tədbirdə Qırğız Respublikası hökumət strukturlarının rəhbər şəxsləri, nüfuzlu ictimai-siyasi xadimlər, diplomatik korpusun təmsilçiləri, ziyalılar və media nümayəndələri iştirak edib.


Tədbiri giriş sözü ilə açan Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov bildirib ki, kitabın təqdimatının məhz Novruz bayramı ərəfəsində baş tutması təsdüfi deyil. İctimai və xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, istedadlı şairə kimi də insanların qəlbini fəth edən Leyla Əliyeva ecazkar, özünəməxsus, dərin məzmunlu, həyati-fəlsəfi duyğulu poeziyası ilə xalqımızın mənəvi zənginliklərini özündə əks etdirən yüksək dəyərlərə sahib bir Bahar qızıdır. O, qələmə aldığı hər mövzuya özünəməxsus yanaşma ortaya qoyur. Leyla Əliyevanın ulu öndər Heydər Əliyevə həsr etdiyi elegiyası isə dərin mənası və poetik cizgiləri ilə onun yaradıcılığında xüsusi önəm kəsb edir. Elegiya qəmli, dərin düşüncələrə sövq edən təranəni xatırladır, elə poetik təranəni ki, o misralara əvəzsiz musiqi yazan bəstəkara az iş qalır.

Səfir qeyd edib ki, gənc şairə təbiətə qarşı həssas hisslər nümayiş etdirir, gerçəkliklə zəngin bir xəyal arasında harmoniya yaratmağı bacarır. Dünyaya şair bir baxışla baxaraq qitələri, meşələri, dağları, çayları, gölləri adlayır, həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır. Leyla Əliyeva Azərbaycanın tarixi qələbəsini təmin edən 44 günlük Vətən Müharibəsi günlərində “Əsgər” şeirini yazdı və bu əsər bizim günlərədək yazılan çox şeirlərin fövqündə dayandı.

Kitabın “Poeziyanın Leylası” adlanan ön sözündə qeyd olunur ki, yazarın qələmindən çıxan sətirlər yalnız müəllifin deyil, ümumiyyətlə, sonsuz poeziya kəhkəşanın bəhrəsidir, uğurudur. Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, "Mədəniyyətlərarası Dialoq üçün İslam Əməkdaşlıq Təşkilatı" Gənclər Forumunun baş koordinatoru, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri kimi beynəlxalq səviyyədə uğurlu fəaliyyətin, xeyriyyəçiliyin, mərhəmətin və bədii yaradıcılığın təkrarsız harmoniyasını yaradıb. O, rəhbərlik etdiyi bütün layihələrdə fərdi liderlik keyfiyyətləri, fədakarlığı, əzmkarlığı və çalışqanlığı sayəsində uğur qazanır, həyata keçirdiyi layihələr keyfiyyət və uğur modelinə çevrilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq yaşlılara, valideyn himayəsindən məhrum olan uşaqlara, qaçqın ailələrinə, məcburi köçkünlərə və digər insanlara həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda köməklik edir. Leyla Əliyeva başlatdığı "Xocalıya Ədalət" kampaniyası ilə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşasına əvəzsiz töhfə verdi və işğalçıların əsil üzünü açmağa nail oldu.

Qırğız Respublikasının Mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev isə Leyla əliyevanın yaradıcılığının özünəməxsus keyfiyyətləri, poeziyaya gətirdiyi yeni məziyyətlərindən söz açaraq şeirlərdən bir sıra bəndlər, misralar söyləyib, əsərlərini yüksək qiymətləndirib:

“Bu kitab bizim üçün bir gözəl hədiyyədir. Çünki bizim oxuyucular öz ana dillərində Leyla xanımın yaradıcılığı ilə tanış olmaq imkanı qazanacaqlar. Burda dərin fəlsəfi fikirlər əksini tapıb. Məsələn, bizim İssık-Kul haqqında bir neçə şair yazıb və hərə öz baxışını əks elətdirib. Leyla Əliyeva isə qeyri-adi yol seçib və daha fəlsəfi və dərin müqayisələr aparıb. Ona görə şairənin yaradıcılığı bizim yazıçıların da marağına səbəb olub. Müəllif öz həyat təcrübəsini şeirlərinə gətirir, həyatın müxtəlif çalarlarını əks etdirir və dünyanı fərqli qavrayışda təqdim edir. Çox şadam ki, onun şeirləri qırğız dilinə tərcümə olunub”.

Tanınmış akademik Abdiljan Akmataliyev, Qırğızıstan Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Tazabek İkramov, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov, Ukrayna və Belarusiyanın Qırğızıstandakı səfirləri və digərləri şairənin yaradıcılığını yüksək dəyərləndiriblər.

Sonda Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrının aktrisaları şairin şeirlərindən parçalar oxuyublar.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU