Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dünyasının ölməz söz sultanı
«Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında» 18 fevral 2021-ci ildə Sərəncam
imzalamışdır. Sərəncamda 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli
söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibəti ilə tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulmuşdur.
«Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik
meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni
sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və
vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz
ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq
səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və
gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri
dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də
Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi
mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət
səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda
150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli
yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi
ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan
sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş
Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır... »
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səs sorağı hələ miladdan
4000 min il əvvəl Hürrilərlə qoşa çəkilən, miladdan sonra oğuz türklərinin sənəd məbədgahı sayılan
qədim oğuz-türk yurdu ulu Göycə mahalını indiki nəslin yadina salır, onların yaddaşında həkk edir
və gənc nəsli bu tarixi dərindən öyrənib, unutmamağa çağırır. Dədə Qorqud qopuzuna, Qaraca
Çoban qətiyyətinə güc verən ərənlər, Əmir Teymurlara, Şah Xətailərə, Şah Abbaslara. Nadir şahlara
meydan verən, Koroğlulara qalalar yapan, onların şəninə nağıllar, dastanlar, əfsanələr yaradan,
müdriklər. mərdlər, mərdanələr məskəni yaşıl xalatlı, ağsaçlı, «qüdrətdən səngərli, qalalı» ulu
Göyçə!
Göyçə mahalı Qərbi Azərbaycanın ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə
mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri,
1747-1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur.
Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə
ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet
hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati
rayon arasında bölünmüşdü: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər
rayonu və Yelenovka rayonu. Qaraqoyunlu dərəsi də Çəmbərək rayonunun ərazisinə aid idi.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi
onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114
min kv. km. olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın
ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican ərazisi
qanunsuz şəkildə Ermənistana vermişdir.
Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair
Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş
etmişdir.
Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində kəndin hörmətli şəxslərindən
sayılan, əsas məşğuliyyəti dülgər olan Alməmməd kişinin ailəsində anadan olmuşdur. Alməmməd
kişinin: dörd oğlu, iki qızı var idi. Uşaqlarını saxlamaq üçün o, meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, ailəsini bir qarın ac, bir qarın tox dolandırırdı.
Alməmməd kişi ailəni dolandırmagın çətinliyini nəzərə alıb böyük oğlu Ələsgəri 14 yaşında
Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il insanpərvər, mülayim bir şəxs olan
Kərbəlayı Qurbanın həyətində nökərçilik edir. Onun Ələsgərdən 1-2 yaş kiçik olan Səhnəbanı
adında qızı ilə aralarında mehriban, səmimi münasibət yaranır, onlar bir-birini sevirlər. Ancaq
Kərbəlayı Qurbanın Məhərrəm adlı var-dövlətli qardaşı Səhnəbanını öz oğluna almaq istədiyi üçün
onu qardaşının həyətindən qovdurur. Səhnəbanını isə öz oğluna alır.
Aşıq Ələsgər xüsusi təhsil ala bilməmiş, onun güclü yaddaşı el sənətkarlarini, ağsaqqalları,
mollaları. el sənətini, xalq dastanlarını dinləməklə məşhurlaşmasına səbəb olmuşdur. Azərbaycan
xalq şeirinin ən böyük nümayəndələrindən biri olan Aşıq Ələsgər Azərbaycan ədəbiyyatında böyük
iz buraxmışdir.
Səhnəbanıdan ayrılandan sonra Onun ilhamı daha da coşub-çağlamış, çalıb-oxumağa, söz
deməyə meyli çoxalmışdır. Atası onu Qızılvəngli Aşıq Alının yanına aparmış, Ələsgər Aşıq Alının
şəyirdi olmuşdur. Ustadının zəhmətini O belə qimətləndirmişdir:
Bir şəyird ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.
Ələsgər gözəl bir sənətkar kimi İrəvana, Naxçıvana, Qazaxa, Qarabağa, Cavanşir ellərinə,
Gəncəyə, Kəlbəcərə məclislərə çağırılmış, hər yerdə özünün hərtərəfli qabiliyyətı, ağlı, kamalı,
məntiqli, səsi, söhbətləri ilə məclisdəkiləri heyran etmişdir. Türkiyədə, İranda və Dağıstanda da
ustad bir sənətkar kimi tanınmışdır.
Ələsgər 40 yaşına qədər subay qalmış, sonra Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir
qızla evlənmişdir.
1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalı
talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə
qədər Yanşaqda yaşayan Aşıq Ələsgər sonra Tərtərə köçmüşdür. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə
qayıtmış, ömrünü doğma kəndində başa vurmuşdur. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə
oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır,
dünya, həyat barədə düşünüb kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat etmiş, Ağkilsə
qəbiristanlığında dəfn olmuşdur. Aşığın ölümündən sonra Azərbaycan folklorşunasları onun
əsərlərini toplayıb yazıya almış və nəşr etdirmişlər. Azərbaycan Elmlər Akademiyası tərəfindən isə
əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və çap edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Aşıq Ələsgərin 1972-ci ildə 150 illik
Yubleyi Azərbaycanın hər yerində, o cümlədən Moskvada, Ermənistanin Göyçə mahalının
Basarkeçər rayonunda, həm də Aşığın doğulduğu Ağkilsə kəndində böyük təntənə ilə qeyd
edilmisdir.
Ağkilsə kəndində keçirilən Yubiley tədbiri çox təmtəraqlı dövlət tədbiri olaraq yaddaşlara
həkk olunmuş, unudulmaz hadisə kimi qiymətləndirilmişdir. Əsas ağırlıq mərkəzi Ağkilsə kəndində
olan tədbirə Basarkeçər rayon İcraiyyə Komitəsinin Sədri Zərbalı Qasım oğlu Qurbanov rəhbərlik
edirdi. Göyçə mahalının bütün vəzifəli şəxsləri tədbirin həyata keçirilməsində fəal iştirak edirdilər.
Oonaqların qarşılanması, yerləşdirilməsi, ərzaq problemləri, yola salinmaları Onlara həvalə
olunmuşdur. O vaxt yubiley tədbirinin fəallarında olan 42 yasli Cil kəndinin kolxoz sədri Abbas
Mazanov Bakıdan gələn şairləri, yazıçıları. elm, incəsənət xadimlərini xatırlayır, Onları necə
qarşıladıqlarını, tədbirin yüksək səviyyədə keçirilməsindən həvəslə ürəkdolusu danışir. Süleyman Rüstəmin Göyçədəki çixışı indiki kimi yadindadır. Hətta o vaxt videoya alınan kaseti Abbas müəllim özündə ən qiymətli sənəd əsəri kimi qoruyub saxlayir. Yubileylə bağlı həmin vaxt yazdığı «Ələsgər» şerində deyir:
Sinəndə cağlayan telli sazınla,
Çox dolandın mahalları, Ələsgər,
Məcnun kimi Leyli dərdi sinəndə,
Hey gəzmisən bu dağları, Ələsgər....
Sənət aləmində silinməz bəhsin,
Xətai, Qurbani, Miskin Abdalın.
Şeir ümmanında neçə qəvvasın,
Sən oldun şöləsi, nuru, Ələsgər.
Abbas müəllim Aşiq Ələsgərin tərcümeyi-halını, yaradıcılıgını, şerlərini əzbər bilir, tez –tez
xəyala dalıb, dilinin altında zümzümə edir. Göyçənin uzun qış gecələrində kənd ağsaqqalları,
qohumlar, qonşular Onun ocağının başına toplanar, yemək süfrəsindən sonra çay süfrəsi açılar,
Abbas əmı sazı döşünə alıb, qayışını çiyninə salıb hamı onun Aşıq Ələsgərdən yorulmadan həvəslə
oxuduğu aşiq mahnılarını, həmdə sazla ifadə etdiyi şerlərini həvəslə dinləyərdilər. «Əsli və Kərəm»,
«Koroğlu dastanı», Tufarqanlı Abbasın dastanı», «Aslan şahın dastanı», «Yetim Hüseynin dastani»
və s. dastanları gecə keçənə kimi Abbas müəllimin dilindən və sazından eşidib mənəvi
zənginləşərmişlər.
Abbas müəllimin kitablarında yazdığı şerlərində ana vətən. qədi Oğuz yurdu Göycə ilə bağlı
şerləri çoxluq təşkil edir. Bu şerlərdə vətən və torpaq sevgisi, el obaya bağlılıq, doğmalıq. Ana
məhəbbəti geniş şəkildə öz əksini tapır. Lakin Abbas müəllim erməni xislətinə bələd oldugundan
Onun ürəyində həmişə narahatlıq hiss olunurdu. Abbas müəllimin gənc vaxtlarından ürəyinə
dammışdı ki, bu el, bu mahal Göyçəsiz və azərbaycanlılarsız qala bilər... Hələ Gənc yaşlarında
1966-ci ildə yazdığı «Göyçə» şerind deyirdi:
Sənsən elim-günüm, evim-eşiyim,
Çağlayan qoynunda çəkdin keşiyim.
Sən anamsan, Göyçə gölü beşiyim,
Nəgməli, dastanlı. laylalı Göyçə.
Cox olur mehmanın, heç gəlməz sana,
Hüsni-gözəlliyin sığmır dastana,
Nə küskün baxırsan Azərbaycana.
Gözləri həsrətli naləli Göycə....
Abbas müəllim Vətən həsrəti ilə hələ 1971- ci ildə yazdığı serində deyirdi:
Vətən Sənin vurğunuyam.
Insan Vətənsiz olmasın.
Elim, günüm, şirin dilim,
Bir an da sənsiz olmasın...
Abbas müəllımın Vətən həsrətli şerlərinin birində oxuyuruq:
Yuxumda görmüşəm qəmlidir anam,
Zülmətə qərq olub mehvərim, kəbəm,
Ulu vətənində vətənsiz babam,
Sizi yaman gündə qoyub gəlmişəm.
Dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayanan məşhur CənubiAzərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın 1954-cü ildə Azərbaycan dilində yazdığı «Heydər babaya salam» poemasına 28 bəndlik nəzirəsində Vətən həsrəti ilə yanan, doğma elini xatırlayan Abbas müəllim yazır:
... Göycə kimi intizarda elim var,
Dağlarında çiçəyim var, gülüm var,
Mənim də bir doğma kəndim, Cilim var,
Dağları var dağlarıntək ucadır,
Tarixi var tarixindək qocadır....
Abbas müəllim nümunəvi ailə başçısıdır. Akademik Teymur Bunyadov dediyi kimi: « O
ailənin başının tacı, Dılbər xanım isə dərdi, əlacı». Ömür-gün yoldaşı Dilbər xanımla üç qiz, beş
oğul böyüdüb, təhsil verib, Xalqımız üçün yararlı, təəssübkeş, mübariz, nümunəvi insanlar
yetişdirmişlər. Böyük oğlu İlham Mazanov Bakı Dövlət Universitetinin «Beynəlxalq jurnalistika»
kafedrasının dosentidir. Uzun illərdir söz azadlığı, informasiya hüququ və informasiya
təhlükəsizliyi istiqamətində elmi tədqiqat işi aparır və jurnalist tələbələrə mühazirələr oxuyur.
Jurnalistikanın aktual problemləri ilə bağlı 300-ə qədər elmi-nəzərı məqalənin, 13 kitabın
müəllifidir. Böyük qızı Sürəyya xanim şəhərimizin poliklinikalarının birində uzun illərdir ki, həkim
kimi insanların sağlamlığı keşiyində durur. İki oğlu – İlqar və Qoşqar Qarabağ müharibəsi
veteranlarıdır. İlqar həm də Əfqanıstan veteranidir. İman, Vüqar, Gülbəs və Minayə də öz sahələri
üzrə sayılıb-seçilən kadrlardır. Abbas müəllim 19 nəvənin, 26 nəticənin babasıdir.
Abbas Mazanov 1975-1983-cü illərdə Krasnoselo Rayon İcraiyyə Komitəsinin sədri işləmiş,
1983-cü ilin iyununda bu vəzifədən istefa verib, 1988-ci ilin sonuna kimi, azərbaycanlilar
Ermənistandan etnik təmizlənənədək Göycə mahalının Cil kəndındə sovxoz direktoru vəzifəsində
çalışmışdı.
Abbas müəllim Göyçədən ayrıldıqdan sonra 1989-cu ilin baharında sənəd dalınca Cilə dönüb,
evlərinə baş çəkərkən keçirdiyi gərgin hissləri belə qələmə almışdır:
Məni tilsimləyən bu hisli divar,
Dogmadır ömrümə bir ana kimi.
Torpaq yadlaşarmış, dövran dönərmiş,
Hər şey dəyişərmiş zəmanə kimi.
Burda laylalara daldığım günlər,
Dalaşıb qalmaqal saldığım günlər,
Sinəmə saz basıb çaldığın günlər,
Gəlir xəyalıma əfsanə kimi.
Anamı axtardım qəlbimdə fəraq,
Atam görünmürdü. yanmırdı çıraq,
Oynayıb güldüyüm o doğma ocaq,
Məni qarşıladı biganə kimi.
Necoldu ellərin yanan çırağı?
Çəkildi sinəmə silinməz dağı,
Nə Vəfadağlı var, nə Vəfa dağı,
Qalmışam sərgərdan, divanə kimi.
Abbas müəllim çox qonaqpərvərdir. Xüsusilə alimlərə, şair və yazıçılara, aşıqlara qulluq
etməyi sevər, daxili zəngin potensialı imkan verdiyi üçün onlarla geniş söhbətdən çəkinmir.
Qonaqlar Onun söhbətlərindən doymur, Onu diqqətlə dinləyir, tez ayrılanda heyfsilənirlər. Onun
evində bir gün qonaq olmayanda ömür gün yoldaşı Dilbər xanımla Özlərini çox narahat hiss
edirlərmiş. Eşidəndə ki, Bakıdan İrəvana alimlər, görkəmli tanınmış sənət adamları gəlib, hökmən
120 km məsafəni qət etməklə. onları Göyçə mahalına dəvət edər, Göycənin qədim Azərbaycan
torpağı olduğunu onlara tarixi abidələri, toponim adları ilə sübut edərmiş. Elm sənət adamlarından
Firudin Köçərli, Tofiq Köçərli, Teymur Bunyatov, Nurəddin Rzayev, Yaşar Qarayev, İzzət
Rüstəmov, Qoşqar Əhmədlı, Həbib Babayev, Salman Qarayev, Kamal Abdulla, Sabir Əsədov,
İsrafil Məmmədov, Hüseyn Arif, Məmməd Araz, Səməndər Rzayev, Hidayət Orucov, yazıçı Həsən
Mehdiyev, rəssam Mürsəl Nəcəfov, dövrünün tanınmış insanları Həbib Həsənov, Yunis Rzayev, Əli
Həsənov, Qəşəm Aslanov, İbrahim Qurbanov, Nəriman Yusifov, Əli Süleymanov, Firidun Bağırov,
general Teymur Bunyadov, admiral Kuznetsov və onlarla başqaları Abbas müəllimin sevimli
qonaqları olub, ocağında duz-çörək kəsiblər.
Əzəli torpaqlarımız olan Ermənistanda Azərbaycanlıların maddi mənəvi irsləri son 30 ildə
silinib, amma Abbas müəllim kimi müdriklərin gənclər arasinda apardığı söhbətlər, yazdığı əsərlər,
şerlər nəticəsində tarixin yaddaşından bunu silmək qeyri mümkün olacaqdır. Abbas müəllim doğma
dağlarına olan sevgisini, məhəbbətini hələ gənc yaşlarından özünə Vəfadağlı təxəllüsünü qəbul
etməyi ilə bildirmiş, keçən əsrin qırxıncı illərindən bu günə qədər yazdığı şerlərin əksəriyyətində öz
əksini tapmışdir.
Abbas Vəfadağlı «Göyçə kimi intizarda elim var», Bakı, Gənclik, 1999, 151 s.; «Gözləri
həsrətli, naləli Göyçə», «Nağıl evi» Şirkəti, Bakı, 2009, 384 s.; Abbas Vəfadağlı «Ulu Göyçəm»,
«Renesans» Nəşriyyat Evi, 2017, 384 s.; Abbas Vəfadağlı «Xatirələrim», «Bakı Universiteti»
Nəşriyyatı, 2019, 72 s. kitablarının, dövri mətbuatda çap olunmuş onlarla məqalənin müəllifidir.
Abbas müəllim tez-tez söhbət etdiyi erməni xəyanətlərini, satqınlıqlarını, xislətlərini və iç
üzlərini açan bəd əməllərini oxucuların diqqətinə çatdırmağımız yəqin ki, gələcək nəsillər üçün
faydalı olar:
Abbas müəllim söyləyir ki, təxminən 1968-ci il fevral ayının ortaları idi. Kolxozçular dedilər
ki, bölük nəzarətçiləri bu gün kolxozun subay çobanı Rəşid Bayramoğlunun əlində Göyçə gölündən
bir dənə balıq tutması üstündə akt tərtib ediblər. Mən dərhal həmin çobanı kolxoz idarəsinə dəvət
edib, əhvalatı ondan soruşdum. Dedi ki, mən fermanin yaxınında heyvan otarırdım. Gölün üstündə
buzun içindən balıq tutanlar var ıdı. Onlar buzu dəlib qarmaq ilə balıq tutmaq istəyirdilər.
Mühafizəçilər gələrkən onlar əllərindəki bir dənə balığı atıb qaçdılar. Həmin balığı mən götürdüm.
Mühafizəçilər məndən xəbər aldıqda o qaçan adamların atdıqlarını dedim. Onlar akt yazıb mənə də
qol çəkdirdilər. Mən onlara dedim kı, bu sürünün çobanıyam, balığı onlar qacanda atdılar, mən də
götürdüm.
Mən lazımı adamlara zəng etdim. Əhvalatı onlara olduğu kimi bir daha izah etdim. Onlar
mənə dedilər ki, artıq o sənəd məhkəməyə göndərilib. Onların Sovet hökumətinin «guruldayan»
vaxtinda belə cəld hərəkət etmələrinin səbəbini indi daha aydin dərk edirəm.... Bu hadisəni olduğu
kimi məhkəmənin sədrinə də izah edib, əlavə etdim ki, obyektiv olsunlar.
Artıq aradan beş aya yaxın vaxt keçmişdi, sürülər yaylağa qalxmışdı. Rayon mərkəzində idim.
Eşitdim ki, milisdən gəlib, sürünün yanindan Rəşidi rayona aparıblar. Ona məhkəmə bir il iş kəsib.
Yenə bir neçə yerə zəng etdim, amma ağlabatan bir cavab almadım. Hamısı öz dediklərini israr
edirdilər. Rayon mərkəzində poçta keçib, Ermənistan KP MK-ya bu hadisə də daxil olmaqla hər
yerdə məmurların özbaşınalıqlığı haqqında şikayət xarakterli teleqram vurdum. Məni təcili
Krasnoselo Rayon partiya komıtəsinə cağırdılar. Vəziyyəti onlara da danışdım. Birinci katib Əli
Həsənov (Allah rəhmət eyləsin) dedi ki, Ermənistan MK-dan tapşırıblar ki, rayon fəallarının
toplantısını keçirək. Siz də gəlib iştirak edərsiniz, Mərkəzi komitədən də nümayəndə olacaq.
Səhərisi gün rayon mərkəzinə toplaşdıq. Ermənistan KP MK-nın inzibati işlər şöbəsinin müdiri
Danielyan da iclasda iştirak edirdi... Soruşdu ki, məhkəmənin sədri burdadırmı? Məhkəmənin sədri
ayağa qalxıb. Mənəm dedi. «...get o sənədi bura gətir» dedi. Məhkəmənin sədri işi gətirib
Danielyana təqdim etdi. O işlə taniş olub, soruşdu ki, milis rəisi burdadırmı? Milis rəisi Qaleyçyan
ayağa durub özünü təqdim etdi. Tapşırdi ki, «get çobanı azad et və gəl yığıncağa məlumat ver».
Qaleycyan getdiyi az müddətdən sonra gəlib çobanı azad etdiyini bildirdi.
İkinci bir əhvalat, Abbas müəllim söhbətlərinin birində deyir ki, bir gün qonşu Gədəbəy
Rayon Partiya Komitəsinin ikinci katibi Süleyman Əiyev və Saratovka sovxozunun direktoru
Mikayıl Orucov mənə zəng eyləyib, bizim rayona gəlmək istədiklərini dedilər.
Gözümüz üstə yeriniz var, deyib onları gözlədiyimi bildirdim. Qonaqlarımızı qarşılayıb,
böyük məmnunluqla evə dəvət etdim.
Süleyman müəllim çox narahat görünürdü, sözlü adama oxşayırdı. Söhbətə başlayan kimi
dedi ki, ay Abbas müəllim bir işə düşmüşük. Sizin Dilican rayonundan bir qrup milis işçisi neçə ay
bundan əvvəl gəlib mənim sürücümü evindən götürüb aparıblar Dilicana kı, bəs sən VAZ-469
nömrəli maşınla Dilicanda bir motosikletçini vurmusan. Maşınla vurulan adam bir müddət
xəstəxanada qaldıqdan sonra sağalıb evinə buraxılmışdır. Sürücüm isə 6 aydır kı, günahı olmaya
–olmaya İrəvanda həbsxanada saxlanılır. Həmin vaxt nə mənim sürücüm, nə də xidməti maşınım,
ümumiyyətlə Dilicanda olmayıb. İnanın mənə bu açıq yalandır və məni çox narahat edir. Vurulan
adam sağ-salamat evində oturur, günahı olmayan isə həbsxanada saxlanılır. Siz bu respublikada
yaşayırsınız, bəlkə bizə bir məsləhət verəsiniz?
Hiss elədim ki, Süleyman müəllimin mədəniyyəti, mənim belə bir əsassız işə qarışmağima
rəva bilməsə də, günahı olmayan sürücüsünün ailəsinin, uşaqlarının ağır vəziyyəti onu çox narahat
eləyir.
Doğrusu Süleyman müəllimin bu haqsızlıq haqqında üzündən oxunan narazılıq, yaşadığı
hisslər məni də narahat etməyə başladı, həm də ona görə ki, azərbaycanlılara münasibətdə bu cür
hallara artıq tez-tez rast gəlirdik.
Çox fikirləşdim, yollar axtardım Süleyman müəllimə kömək etmək üçün. İcevan rayonunun
Salah kəndində yaşayan və uzun müddət təsərrüfat rəhbəri işləmiş, həmçinin Ermənistandakı
partiya və təsərrüfat rəhbərləri arasında böyük nüfuzu olan yaxın dostum. həmişə üstünə böyük
ümid yeri kimi getdiyim Cumayil Mərdanova (uzun müddət Azərbaycanın Təhsil Naziri işləmiş,
hal-hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi
Misir Mərdanovun atası) müraciət etməyi qərara aldım.
Cumayil kişinin Ermənistan KP MK-nın katibi V. Qalumyanla yaxşı münasibəti var idi.
Vladimir Baqratoviç Cumayil kişinin xətrini çox istəyirdi. Getdik Salah kəndinə. Cumayil kişi ilə
görüşdük. Əhvalatı Ona danışdıq. Mənə dedi ki, Abbas Qalumyan mənimlə sənin haqqında bir neçə
dəfə söhbət eləyib, xətrini də çox istəyir. Bu kişini də götür get İrəvana. Amma. Qalumyanın yanına
Süleyman müəllimlə birlikdə gir, qoy özü hər şeyi olduğu kimi ona danışsın.
Etiraf edim ki, Cumayil kişinin sözü mənə qol-qanad verdi. Oradan birbaşa getdik İrəvana,
mehmanxanada yer götürdük. Sabah tezdən getdik Mərkəzi Komitəyə. Bir neçə dəqiqədən sonra
Qalumyan bizi qəbul etdi. Mən Süleyman müəllimi Ona təqdim elədim. Qalumyan Süleyman
müəllimi dinlədikdən sonra heç nə demədən birbaşa Respublika prokuroruna zəng vurdu. Dedi ki,
bizim Krasnoselo RİK-nin sədri Mazanov indi gələcək sizin yanınıza. O dediyi məsələ ilə təcili
qaydada məşğul olun və obyektiv həll edin.
Süleyman müəllim rus dilində çox gözəl danışırdı. Prokuror Süleyman müəllimin sürücüsünə
qarşı açılmış cinayət ışını və bu işi aparan əməkdaşı gətirtdi kabinetinə. İşlə tanış olduqdan sonra
dedi ki, mən bu vətəndaşın günahsız olduğuna inanıram, o, azad edilməlidir.
Prokurorluğun əməkdaşı bəzi formallıqları icra etməkdən ötrü səhər getməyimizi məsləhət
gördü. Süleyman müəllim başı ilə mənə işarə edib, bəlkə bir təmənnası olduğunu soruşdu. Mən də
başımla yox cavabı verdim.
Sabah tezdən Respublika Prokurorluğuna gəldik. Sənədləri qaydaya salandan sonra azad
olunmuş sürücünü də götürüb qayıtdıq mehmanxanaya.
Mehmanxana xıdmətçisi bizim Azərbaycanlı olduğumuzu bilib, siqaretlə adyalı
yandırdığımızı, buna görə cərimə ödəməli olduğumuzu dedi. Hələ üstəlik sübut kimi yanmış adyalı
da göstərdi.
Süleyman müəllim təmkinlə bizim heç birimizin siqaret çəkmədiyimizi və bunu həkim
müayinəsi ilə sübut etməyə hazır olduğumuzu mehmanxana xidmətçisinə izah etdi və bu adyalın
otaqdakı adyallardan güllərinə görə fərqləndiyini də ona başa saldı. Bu adyal davasindan da belə
qurtarıb qayıtdıq Göyçəyə.
Abbas müəllim deyir ki, belə hadisələr tez-tez olurdu. Ermənilərlə işləmək asan deyildi. Nə
qədər istəsən də millətçi erməni xəyanəti davam edirdi. Qarabağ məsələsi iclaslar səviyyəsinə
çıxarılırdı. Bu həyasızlığa, xəyanətə dözməyən Abbas müəllim kəskinliklə cavab verir, qətiyyətlə
mübarizə aparır, yeri gəldikcə, onları susmağa məcbur edirdi. Bəzi təcrübəlı adamlar mənə ehtiyatlı
olmağı məsləhət görürdülər. Amma bağışlamaq, bir çox hadisələri həzm etmək mümkün olmurdu.
Abbas müəllimin o vaxtlar verdiyi məsləhət « Döz bağrı daş olan könlüm» indi də Onu tanıyanların
dilinin əzbəridir.
Abbas müəllim ömrünün müdrik dövrünü yaşayir. Qırx dörd günlük Vətən müharibəsində
qələbə əzmi Onu daha da ruhlandırmış, deyərdik kı, cavanlaşdırmışdır. Prezidentimizlə fəxr edir.
Bütün söhbətlərində tez-tez deyir ki. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev Sah
İsmayıldan sonra yeganə Sərkərdədir kı, işğal olunmuş dədə-baba torpaqlarımızı gerı qaytarır,
Azərbaycan dövlətinin əzəli torpaqlarını bərpa edir. Abbas müəllim Qalib Ali Baş Komandan,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə güvənərək ömrünün müdrik dövrünün qalan
hissəsini əzəli torpaqlarımız olan Göycə gölünün ətrafında keçirəcəyinə inanır.
Abbas müəllim deyir ki, indi bəzi atalar sözlərinin məzmunu da «Qonşuya daş dəydi, elə bil
saman çuvalına dəydi» dəyişib, kəlamlarını düşmən önündə deyildiyi kimi yox, həqiqətdə «Xalqıma
daş dəydi, elə sandım ki, ürəyimə dəydi» kimi işlətmək lazımdır.
Abbas müəllim indi də ser yazır, mütaliəni daima davam etdirir. Abbas müəllim 28 fevral
2003-cü ildən nəşr edilən, təsisçisi və baş redaktoru Sərtib İslamoğlu olan «Vedibasar» qəzetinin
yeni nömrələrinin çıxmasını intizarla gözləyir, onun illik nəşr olunmuş 10 tomunu maraqla
səhifələyib, el obasını, xatırladığı həmyerlılərini yadına salması Onun yorğun vaxtlarının gündəlik
məşğuliyyətidir.
Abbas əminin ömür yolu hər hansı bir adamı çaşdıra bilər. Bu həyat qəribə və əcaib şeylərlə
dolu keçilməz sıx meşəni xatırladır, nə qədər vurnuxsan da sənı əhatə edən sonsuz cəngəllikdən
çıxmaq mümkün deyildir. Abbas əminin həyatı gənclərimiz üçün örnəkdir və hamı bu müdrik
insanın həyat yolun öyrənib nəticə çıxarmalıdırlar.
İsmayıl Əliyev, Xəlil İsmayılov
Bakı Dövlət Universitetinin professorları