Modern.az

\"Təəssüf ki, bizim oyunçularımızda təcrübə yoxdur\" - Canni De Byazi

\

30 Mart 2021, 00:26

"İki səfər matçından sonra sabah Bakıda ilk oyunumuza çıxacağıq. Ötən iki matçda bəzi keyfiyyətlərimizi göstərə bildik. Çatışmayan cəhətlərimiz var. Bunları yaxşılaşdırmalıyıq".

 

Modern.az xəbər verir ki, bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Serbiya millisini qəbul edəcək Azərbaycan seçməsinin baş məşqçisi Canni De Byazi martın 29-da təşkil olunan mətbuat konfransında deyib.

 

Mütəxəssis bildirib ki, Serbiya millisi fiziki və texniki cəhətdən güclü komandadır. "Heyətində yer alan futbolçuların 95 faizi ölkə xaricində oynayır. Böyük təcrübələri var. Sabah güclü komandaya qarşı oynayacağıq. Təəssüf ki, bizim oyunçularımızda bu təcrübə yoxdur. Bu da iki komanda arasında fərq yaradır. Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşləri sevindirməkdir. Bizi ağır oyun gözləyir.

 

Emin Mahmudov koronavirusla bağlı çətin dövr keçirdi. Böyük təcrübəyə malik futbolçudur və hazırda əla formadadır. Seçmə mərhələdən əvvəl onunla ayrıca görüşüb danışmışam. Onun haqda fərqli fikirdə idim, amma görüşdən sonra fikrim dəyişdi. Ağıllı, ölkəsinə, vətəninə sadiq insandır", - deyə baş məşqçi əlavə edib.

 

Qeyd edək ki, Azərbaycan-Serbiya oyunu martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Seçmə mərhələnin “A” qrupunda Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq komandaları mübarizə aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular