Vətənpərvərlik ən ülvi duyğudur. Doğma torpağını sevən hər kəs şəxsiyyətdir. Bu sevgi Üzeyir bəyin “Koroğlu”sunda, Soltan bəyin “Karvan”ında dalğalanıb ürəkləri ehtizaza gətirir. Köhlən at görəndə qanın qaynaması, kövşən ətri duyanda ilhamın coşması vətənpərvərlikdir! Bu duyğular insanı göylərə yüksəldir.
Qəlbini sardımı, qəhrəmanlığa, fədakarlığa, yenilməzliyə köklənirsən. Güvənin, inamın artır. Başlıcası isə kimliyinlə öyünürsən, haradan gəlib, hara getdiyini bilirsən! Vətənpərvərlik – vətən üçün candan keçməyə amadəlik amalıdır! Əsrlərin o üzündən gələn bir deyim var: "Torpağı qorusan, Vətən olar, qorumasan - kəfən". Vətən sevgisi, yurd təəssübü milli mənlik şüurunun təməl daşlarıdır! Tariximizin qürur səhifələri çoxdur. Hünər örnəklərimiz yetərli qədərdir. Babəklər, cavanşirlər, həzilər, mehdilər, mübarizlər, poladlar... Valideynlər öz övladlarına iftixarla bu adları qoyur. Milli qeyrət nümunələri - xalqımızın əzəli cəngavərliyinin parlaq tablolarıdir!
Ulu öndər Heydər Əliyev əlində Azərbaycan xəritəsi ölkələri gəzərək yorulub-usanmadan haqq işimizi dünyanın soyuqqanlı siyasilərinin şüurlarına yeridər, əziz bayramları qaçqın və məcburi köçkün soydaşlarımızın yanında keçirərdi. Bu vətənpərvərlik sönməz məşəl kimi ürəklərə işıq saçır. Nəbzi vətənin nəbzi ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev əsgərlərimizin Qarabağda göstərdiyi qəhrəmanlıqları hər zaman yüksək qiymətləndirir:"Onlar müharibə cəbhələrində igidliklə vuruşaraq, doğma respublikamızın ərazi bütövlüyünü qoruyub saxlamaq üçün öz canlarını qurban verirlər. Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar”.
Tale elə gətirib ki, biz mənfur, riyakar, qana susamış bir düşmənlə üz-üzəyik. Onun əli ilə törədilmiş 1918-ci il qırğınları, 20 Yanvar hadisələri, Xocalı qətliamı qan verən yaralarımızdır.
2020-ci ilin 27 sentyabrında vətəndaşlarımızın bir amal uğrunda birləşməsi və ordumuzun əks-həmləsi, qazınılan şanlı qələbəmiz qürurvericidir. Xalqın dəstəyindən ilham alan şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələrini endirməklə, sərhədlərimizin toxunulmazlığını, xalqımızın təhlükəsizliyini təmin etməklə bu gün Vətənin keşiyində mətanətlə dayanır.
Ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğı göstərərək, onların bir fərd kimi yetişməsinə, milli və vətənpərvər ruhda tərbiyəsinə xüsusi önəm verirdi. Ulu Öndər nitqlərinin birində bu barədə deyirdi:
"Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Ümummilli Liderimiz hələ sovetlər dövründə milli hərbi kadr hazırlığı məsələsini prioritetə çevirmişdi. Bakıda Naxçıvanski adına hərbi liseyi yaratmışdır. Azərbaycanlı gənclərin zabit peşəsinə yiyələnmələri üçün o zamankı ittifaq çərçivısində əsaslı işlər görmüşdü. Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün böyük uğurla davam etdirilir.
Gənclərin gələcək həyatlarında Vətəninə, millətinə layiqli övlad olmaq istəkləri qürurvericidir. Vətənə, torpağa, bayrağa, xalqa sevgi ilə yaşayıb böyüyən gənclərimizin Vətən müharibəsində şücaətlərinin şahidi olduq və onların davamçılarının sabahımızın etibarlı gələcəyi olacağına inanırıq.
Vaxtilə gənclərimiz deyirdilər ki, onların arzusu səngərlərimizi sərhədlərimizə köçürəcək şanlı ordumuzun zabiti kimi Vətən keşiyində durmaqdır. Bu gün artıq o arzu gerçəkləşib. Amma məşhur bir deyim var: Sülh istəyirsənsə, müharibəyə hazır ol!
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibi əsasən, gənclərdən ibarətdir və Vətən müharibəsi iştirakçılarının əksəriyyəti də gənclərdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şuşada Cıdır düzündə çıxışı zamanı demişdir:
“Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Sərkərdənin döyüşçüyə - Ali Baş Komandanın əsgərə rəğbətinin bu səmimilikdə ifadəsi olan bu kəlmələr ordunun şəxsi heyətinin, eləcə də gənclərimizin mənəvi-psixoloji hazırlığının ali səviyyədə qiymətləndirilməsidir.
Ən vacib məsələlərdən biri - Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaş yetişdiməkdir. Ötən il biz belə bir nəslin yetişdiyinin şahidi olduq.
Həm bu günümüzü, həm də gələcəyimizi hədəfə alan düşmənlərə qalib gəlməyin yolu bir olmaq, həmrəy olmaq, dövlətimizin ətrafında sıx birləşməkdir.
Toğrul İsmayıllı
Azərbaycan Dillər Universiteti
Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi