Modern.az

Ceyhun Bayramov MDB xarici işlər nazirlərinə Ermənstanın təxribatlarından DANIŞDI

Ceyhun Bayramov MDB xarici işlər nazirlərinə Ermənstanın təxribatlarından DANIŞDI

Aktual

2 Aprel 2021, 18:00

2 aprel 2021-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Moskva şəhərində keçirilən xarici işlər nazirləri Şurasının iclasında iştirak edib.

Modern.az xəbər verir ki, iclasda çıxış edən nazir humanitar sahədə əməkdaşlığın davam etdirilməsinin bundan sonra da dövlətlərarası münasibətlərin möhkəmlənməsinə və MDB-nin inkişafına töhfə verəcəyini söyləyib.


Ceyhun Bayramov "Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlət başçılarının 1941-1945 – ci illər Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Birliyə üzv dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında" Qərarını xüsusilə vurğulayaraq, Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfəsini diqqətə çatdırıb. Qərarının qəbul olunmasının nasizm ideologiyasına və onun müxtəlif təbliğat formalarına qarşı mübarizədə böyük əhəmiyyətə malik olduğu bildirilib, bu gün də MDB məkanında nasizmin təşviq olunduğu təəssüflə qeyd olunub və bu xüsusda, Ermənistanın paytaxtının mərkəzində faşist Qaregin Njdeyə abidə qoyulduğu misal kimi səsləndirilibr. Nazir vurğulayıb ki, faşizmin qəhrəmanlaşmasına MDB məkanında yer olmamalıdır.

Daha sonra C.bayramov Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində Ermənistanın işğalı altında olan ərazilərinin azad edildiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasını diqqətə çatdırıb. 10 Noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın qəbul edilməsində Rusiya Federasiyasının səyləri,  xüsusilə də Prezident Vladimir Putinin fəal vasitəçiliyi yüksək qiymətləndirilib.

Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən xarici işlər naziri bölgədə təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi üçün yeni bir formatın yaradıldığını məmnunluqla vurğulayıb.

Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini işğal zamanı bütün şəhər və qəsəbələrin dəhşətli dağıntılara və vandalizm əməllərinə məruz qaldığına, dini və mədəniyyət abidələrinin qəsdən talan edilməsinə, məscidlər donuz tövləsinə çevrilməsinə yönəldib. Hazırda bu ərazilərin yenidən qurulması və bərpa olunması işlərinin həyata keçirildiyi qeyd olunub.

Nazir həmçinin üçtərəfli bəyanatlar çərçivəsində əldə olunan razılaşmaları yüksək qiymətləndirərək, kommunikasiyaların açılmasının bütün regionun xeyrinə olacağını və  regional əməkdaşlıq üçün yeni perspektivlər açacağını tədbir iştirakçıların diqqətinə çatdırıb.

Ceyhun Bayramov  vurğulayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir və üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb. Eyni zamanda, nazir Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına və üçtərəfli bəyanatına zidd əməllərinə diqqəti cəlb edib, o cümlədən Ermənistan hərbçilərinin Azərbaycan Respublikası ərazisinə qanunsuz daxil olmaq cəhdlərini, habelə Ermənistanın indiyədək Azərbaycana işğaldan azad olunmuş ərazilərinin minaların basdırılması məlumatının Azərbaycana təqdim etmədiyini bildirib.

Çıxışın sonunda nazir beynəlxalq ictimaiyyətin və xüsusilə də, MDB-yə üzv dövlətlərindən ən yaxın tərəfdaşlarımızın işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, bu ərazilərdə dinc yanaşı yaşamaq üçün müvafiq şərait yaradılması məsələlərində dəstəyinə ümid bəslədiyimizi səsləndirib.

Nazir Ceyhun Bayramov gündəlikdə olan digər məsələlərə də toxunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular