Son dövrlərdə istər dünyada, istərsə də ölkəmizdə azyaşlılara qarşı təcavüz hallarının artdığını müşahidə edirik.
Cəmiyyətimizi təcavüzə sürükləyən səbəblər nədir? Bu hallar getdikcə niyə artır?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a bunun çox həssas və eyni zamanda qəzəb doğuran mövzu olduğunu bildirib:
“Zaman-zaman müxtəlif rayonlarda bu tip hadisələrin baş verdiyini görürük. Ələlxüsus da təcavüzə uğrayan azyaşlı olarsa, bu əhali arasında daha çox aqressiya və əsəb doğurur. Onlar cəzanın ağırlığı tələbəni səsləndirirlər. Təbii ki, bu cür cinayətlərə çox ağır bir cəza verilməlidir. Lakin bu məsələ ilə bağlı vaxtında xəbər verilməyəndə və ya tədbir görülməyəndə ağırlıq dərəcəsi azalır. Çünki müddət uzanır, sübutlar azalır və eyni zamanda uşağın yaşı da keçir.
Neftçala məsələsində təcavüzə uğrayan qızın 13 yaşının olduğunu iddia edirdilər. Lakin indi qızın16 yaşı var. Elə olub ki, zorlanma faktoru azyaşlı olarkən baş verib. Bir neçə il sonra üzə çıxarılıb. Həmin vaxtda kim tərəfindən təcavüzə məruz qaldığı bilinmir. Əksər hallarda valideynləri bunun gizli qalmasını istəyirlər. Ona görə ki, uşaqları ilə bağlı məlumatın yayılmasına qarşıdırlar. Bu da cinayətkarın cəzasız qalmasına gətirib çıxarır. Bu kimi faktlara da rast gəlinir”.
M.Zeynalova bu hadisələrin baş vermə səbəbini seksual tərbiyəsizlikdə görür:
“Oğlan uşaqlarına seksual tərbiyənin verilməməsi bu halların baş verməsinə gətirib çıxarır. Əksər hallarda onlar qız uşağına ancaq cinsi obyekt kimi baxırlar. Onlar buna görə də sui-istifadə etməyə çalışırlar. Bəzən də təcavüz ilə öz istəklərinə nail olurlar. Zorlama ilə kişilik varlığını təsdiq etdiklərini düşünürlər.
Təəssüüf ki, bu məsələlər nə qədər gizlin qalacaqsa, belə hallar artmaqda davam edəcək”.
Nəzrin Vahid