9 aprel 2021-ci ildə Qırğız Respublikası Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Qırğız Respublikasında səfiri Hidayət Orucovu qəbul edib.
Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.
Prezident səfiri salmayaraq onun salamlarını Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə çatdırmağa xahiş edib. Eyni tarixi kökə, mədəniyyətə, ortaq dəyərlərə malik olan Azərbaycanı Qırğızıstan qardaş ölkə kimi qəbul etməsini diqqətə çatdırıb. Qarabağ - Vətən Müharibəsində qazanılan möhtəşəm qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezidentimiz İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib. 10 noyabr 2020-ci il tarixli bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsi zəmin yaradacığına ümidvar olduğunu söyləyib. İki ölkə arasında intensiv təmasların ən yüksək və yüksək səviyyədə olmasının vacibliyini qeyd edərək Prezident İlham Əliyevi Qırğız Respublikasına səfərə dəvət edib. Qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələr, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın inkişafı üçün istifadə edilməmiş böyük potensial mövcuddur.
Prezident Hidayət Orucova diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Hidayət Orucov qəbul üçün Prezindet Sadır Japarova təşəkkür edərək ona dövlət başçımızın salamlarını və xoş arzularını çatdırıb. Bildirib ki, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi, genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindəndir. Qırğız Respublikası Prezidenti Sadır Japarovun rəhbərliyi ilə də Azərbaycan və Qırğızıstan arasında dostluq və tərəfdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə dinamik şəkildə dərinləşəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, ölkələrimizi və xalqlarımızı etnik və tarixi əlaqələr, ortaq mədəniyyətlər, ənənələr, adətlər, dil və din birləşdirir və bu öz növbəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır. Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızıstan qardaş ölkələrdir və müstəqilliyini bərpa etdikdən sonra həyatımızın bütün sahələrində (həm siyasətdə, həm humanitar sahədə, həm də diplomatiyada) əməkdaşlığımız dərinləşir. Ölkələrimiz bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Həm Qırğızıstan, həm də Azərbaycan yüksək səviyyədə humanitar tədbirlər keçirilir. Bundan əlavə, iqtisadi əlaqələrin, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin genişləndirilməsinə imkan verən böyük istifadə olunmamış potensialımız mövcud olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi, ticarət dövriyyəmizin artırılması və idxal-ixracın diversifikasiyası müzakirə edilib.