Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və baş nazir Nikol Paşinyan 1 günlük fərqlə Rusiyaya səfər etdilər.
Modern.az xəbər verir ki, öncə, eks-prezident Robert Koçaryanın Putinlə 1 saat ərzində telefonla danışması barədə xəbər yayıldı. Bundan bir neçə gün sonra Paşinyan Moskvaya gedərək, Putinlə danışıqlar apardı.
Yerevan-Moskva xəttindəki bu gediş-gəliş 20 iyunda Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsi 2 erməni siyasətçinin Kremlin dəstəyini qazanmaq niyyəti kimi qəbul olunur.
Bəs Moskva seçkilərdə Paşinyanı, yoxsa Koçaryanı dəstəkləyəcək? Məsələ ilə bağlı politoloq Qabil Hüseynli Modern.az-a danışıb. Politoloq Moskvanın Koçaryanla Paşinyan arasında seçim etdiyi də söyləyib.
“Moskva Paşinyanı fərd kimi seçib. Koçaryan öz xalqına qarşı silah qaldırmış, reytinqi çox aşağı olan insandır”.
Koçaryanın Paşinyanı məhkəməyə verməsinə də toxunan Qabil Hüseynli prosesin heç bir perspektivə malik olmadığını düşünür.
“Paşinyana qarşı Koçaryanın məhkəmə iddiasının perspektivi yoxdur. Bu, Ermənistanda ciddi bir qarşıdurmaya səbəb olmayacaq. Məhkəmə Koçaryanın tələbini rədd edəcək və bununla da hər şey sakitləşəcək”.
Nəzrin Vahid