Dünən axşam saatlarında Ermənistanda Bakıdan “hərbi əsirlər”in gətiriləcəyi iddiası ilə bağlı xəbər yayılıb. Bildirilib ki, Azərbaycandan növbəti “hərbi əsirlər” qrupu İrəvana yola salınıb. Nəticədə İkinci Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçilərin ailələri yola düşən təyyarəni qarşılamaq üçün “Erebuni” aeroportuna toplaşıblar. Lakin “hava gəmisi”nin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kim olmayıb.
Bu bir daha onu göstərir ki, Ermənistan tərəfi mühribədən sonra Azərbaycanın nəzarəti altında olan ərazilərdə terror törədən şəxsləri “hərbi əsir” hesab edir. Və onların qanun qarşısında cavab vermədən Ermənistana göndəriləcəyinə ümid edirlər.
Məsələni şərh etməsi üçün Modern.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyevlə danışıb.
Hərbi ekspert əsirlərlə bağlı problemin həll edildiyini və bütün hərbi əsirlərin Ermənistana qaytarıldığını bildirib:
“Əsirlərlə bağlı problem Azərbaycan tərəfindən artıq tamamilə həll edilib və Ermənistanın Azərbaycanda olan bütün hərbi əsirləri qaytarılıb. Lakin hərbi əməliyyatlardan sonra Azərbaycan tərəfindən Qarabağ ərazisində, xüsusilə də Azərbaycanın nəzarətində olan ərazilərdə saxlanılan şəxslər qətiyyən hərbi əsir kimi təsnifatlandırıla bilməz. Onlar birmənalı olaraq hərbi cinayətlər törətmiş terrorçular hesab olunur. Onların Azərbaycan hüquqları qarşısında cavab verməsi bir çox qaranlıq məqamlara da aydınlıq gətirəcək”.
Ə.Verdiyev qeyd edib ki, Rüstəm Muradov Birinci Qarabağ Müharibəsindən itkin düşmüş və indiyə qədər xəbər çıxmayan vətəndaşlarımızın bir neçəsinin qalıqlarının gətirsəydi, o zaman məsələ tamam fərqli olardı:
“Rüstəm Muradovun geri əliboş qayıtması isə bir daha Azərbaycanın bu məsələdə nə qədər qərarlı olduğunu göstərir. Yaxşı olardı ki, general Rüstəm Muradov Birinci Qarabağ Müharibəsindən indiyə qədər xəbər çıxmayan 3 mindən çox itkin vətəndaşımızdan bir neçəsinin cəsəd və qalıqlarını gətirmiş olardı. Ya da Ermənistanın minalandığı sahələrin xəritələrini Azərbaycana təqdim edərdi. O zaman bu məsələ daha konsturktiv hesab edilərdi.
Azərbaycan hakimiyyəti indiki vəziyyətə kimi 70-dən çox əsiri Ermənistana təhvil verib. Rüstəm Muradov isə Qarabağ ərazisindən erməni silahlılarının çıxarılmasını təmin etməli olduğu halda, bunu gerçəkləşdirməyib. Əfsuslar olsun ki, biz hələ də bu proseslərin vizual və rəsmi açıqlama ilə təsdiqlənməsinə rast gəlmirik”.
Fidan İlqarqızı