Modern.az

Qarabağ Dirçəliş Fondu hər bir azərbaycanlının birlik fonduna çevrilib  

Qarabağ Dirçəliş Fondu hər bir azərbaycanlının birlik fonduna çevrilib  

Aktual

9 Aprel 2021, 15:55

“2020-ci il Azərbaycan xalqının hafizəsində həmişə qələbə ili kimi qalacaq. Əldə edilən qələbədən sonra isə aparılan quruculuq işləri davamlı xarakter daşıyır. Həmçinin zəfərimizə dəstək məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondunun fəaliyyəti taleyüklü məsələlərin həlli istiqamətində dövlətin strateji yanaşmasından xəbər verir”

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.

 

Deputat ilk günlərdən Fonda edilən dəstəyi yüksək qiymətləndirib:

 

“Azərbaycan xalqı torpaqlarını işğaldan azad etdikdən sonra qarşımızda duran əsas məsələlərdən biri də dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Fondun yaradılması ərazilərin bərpa olunmasında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətinin təcəssümüdür. Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir”.

 

Məşhur Məmmədovun sözlərinə görə, Qarabağ Fondunun yaradılması həm də dövlətin Qarabağ siyasətinin təzahürüdür:

 

“Çünki 30 ilə yaxın müddətdə işğal edilən ərazilərimiz xarabalığa çevrilib. Hər bir ərazimizdə erməni vəhşiliyi açıq-aydın görünür. Hər birimiz çalışırıq ki, dünya ictimaiyyəti bu vəhşiliyin şahidi olsun. Çünki bu cür vandalizm aktları bütöv bəşəriyyətə qarşı çevrilib. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına  töhfə verəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?