Modern.az

Fondun yaradılması, milli birliyin, həmrəyliyin qorunmasına verilən töhfədir

Fondun yaradılması, milli birliyin, həmrəyliyin qorunmasına verilən töhfədir

9 Aprel 2021, 18:00

Azərbaycanda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı ən müasir institusional təşəbbüslər əsasında, xaotikliyə yol verilmədən həyata keçirilir. 

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Azər Kərimli buna nümunə olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunu göstərib: “Məlum olduğu kimi, Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Yarandığı vaxtdan bir neçə ay keçməsinə baxmayaraq, YAŞAT Fondu şəhid ailələrinin, qazilərin, bütövlükdə isə Azərbaycan vətəndaşlarının böyük rəğbətini qazanıb. Azərbaycan dövlətinin öz vətəndaşına olan münasibətini, xalq-dövlət birliyini, xalqımızın yüksək humanizm dəyərlərinin daşıyıcısı olmasını ifadə edən YAŞAT Fondu öz fəaliyyətini yüksək peşəkarlıqla həyata keçirir. Qısa müddət ərzində Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələlərinə baş çəkmək üçün “ASAN xidmət” əməkdaşlarından və könüllülərindən ibarət bütün rayonları əhatə edən 69 qrup formalaşdırılıb. Onlar müvafiq təlimlərə cəlb edildikdən sonra ünvanlara baş çəkməyə başlayıblar. Könüllülərin Vətən müharibəsində şəhid olmuş və yaralanmış şəxslərin ailələləri ilə birbaşa ünsiyyətdə olması onların qarşılaşdıqları problemlərlə yerində tanış olmağa imkan yaradır ki, bu da obyektiv informasiyalar əsasında hesabatların hazırlanmasına və çevik qərarların verilməsinə imkan yaradır”.

 

Millət vəkili “YAŞAT” Fonduna könüllü ödəmələrin davam etdiyini, getdikcə daha böyük vüsət aldığını bildirib və qeyd edib ki, bu fakt milli birliyimizin və həmrəyliyimizin nümunəsi kimi çox mühüm əhəmiyyətə və mənəvi dəyərə malikdir: “Fondun fəaliyyətində şəffaflığın təmin edilməsi vətəndaşların dövlətə olan etibarını daha da artırır, həmvətənlərimizin ölkəmizdə həyata keçirilən islahatların mahiyyətini daha dərindən bələd olmalarına, bu prosesin tərkib hissəsi kimi çıxış etmələrinə zəmin yaradır”.

 

Azər Kərimli Qarabağ Dirçəliş Fondunun yaradılmasını da çox mühüm əhəmiyyət daşıyan institusional təşəbbüs olduğunu xatırladıb: “Fondun yaradılması, şübhəsiz ki, milli birliyin, həmrəyliyin qorunmasına verilən böyük töhfədir. Fondun fəaliyyəti erməni işğalçıları tərəfindən darmadağın edilmiş şəhər və kəndlərimizin yenidən dirçəldilməsinə töhfə verəcək. Qarabağ Dirçəliş Fondu viran edilmiş yurd yerlərimizin cənnətə çevrilməsi üçün yaradılmış birlik, həmrəylik, əməkdaşlıq platformasıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?