Ramana və Sabunçu qəsəbələrini əlaqələndirən yeni 162 nömərli qəsəbələrarası müntəzəm marşrut xətti təşkil edilib.
Bakı Nəqıiyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, yeni marşrut xəttinin təşkili barədə qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla qəbul edilib:
"Aparılan təhlillərlə Sabunçu dəmiryol stansiyası – Ramana qəsəbəsi (“Ramana” Yeni Yaşayış Massivi) adlanan ərazidə yaşayan sakinlərin dövlət müəssisələri, məktəb, bağça və digər iaşə obyektlərinə gediş-gəlişində çətinliklərin olduğu müəyyən edilib. 19 aprel 2021-ci ildən istismara başlayacaq marşrut xəttinin təşkili sayəsində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış kompleksinin, eləcə də Ramana qəsəbəsi 1-ci Sahə və Südçülük sovxozu adlanan ərazidə məskunlaşan vətəndaşların təhsil, tibb və digər ictimai iaşə obyektlərinə gediş-gəlişi əhəmiyyətli dərəcədə yaxşılaşacaq". Onun sözlərinə görə, marşrut xətti üzrə gediş haqqı 0.30 qəpik müəyyən edilib.
Qeyd edək ki, paytaxt ərazisində xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində marşrut şəbəkəsinin optimallaşdırılması, xüsusilə şəhərətrafı ərazilərdə məksunlaşan sakinlərin marşrut tələbatının ödənilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.