Modern.az

Müəmmalı ölüm - Aydın Məmmədovla Dilarə Əliyevanın həlak olmasından daha bir il ötdü  

Müəmmalı ölüm - Aydın Məmmədovla Dilarə Əliyevanın həlak olmasından daha bir il ötdü  

19 Aprel 2021, 15:52

20 aprel tarixi istiqlalçı millət vəkilləri - dilçi, türkoloq, tənqidçi, siyasətçi Aydın Məmmədov və ədəbiyyatşünas, tərcüməçi Dilarə Əliyevanın vəfatının ildönümüdür.

 

1991-ci il aprelin 19-da Ali Sovetin deputatları olan Aydın Məmmədov və Dilarə Əliyeva seçicilərlə görüşdən qayıdarkən Qax rayonu ərazisində müəmmalı avtomobil qəzasında həlak olublar. Hər iki deputat parlamentdə "Demokratik Azərbaycan" blokunun aktiv üzvləri idilər.


Aydın Məmmədov
1944-cü ildə Şəkidə anadan olub. Orta məktəbdə müəllim işlәyәn daha A.Məmmədov elmi işçi, ictimai xadim vә siyasətçi olub. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi yollarla isbat edәn Aydın Mәmmәdov "Sovetskaya turkologiya" jurnalının redaktor müavini vә Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün bir sıra işlər görüb.

Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında dayanıb.

Millət vəkili seçilәn A.Məmmədov milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkat yolunda ciddi işlәr görüb.

Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri olub.

Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini postunu tutub.

O, Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdi.
Öz doğma Kiş kəndində dəfn olunub.


Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub.

Tbilisidəki azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilib. Burada "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləyib, 1954-cü ildə müdafiə edib.

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olub, eyni zamanda bölmə müdiri kimi çalışıb. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olub, AXC İdarə Heyətinin üzvü seçilib.

Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olub.
Bakıda Fəxri Xiyabanda dəfn edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?