Modern.az

35 yaşlı imza - MUĞANNA

35 yaşlı imza - MUĞANNA

Aktual

11 İyun 2021, 16:31

Muğanna imzası Azərbaycan ədəbiyyatında yeni bir səhifənin açılması, müəllifin, İsa (Hüseynov) Muğannanın yaradıcılığında yeni dövrün başlanğıcı oldu. Məlum olduğu kimi müəllif Muğanna imzasını götürənə qədər Azərbaycan ədəbiyyat tarixində xüsusi önəm kəsb edən əsərlər yazmışdır. Ədibin İsa Hüseynov imzası ilə yazdığı son əsəri tarixi fəlsəfi əsər olan “Məhşər” romanı idi ki, bu ədəbi nümunədə xəlqilik və bəşərilik vəhdətdə təqdim olunurdu. İsa Muğanna “İdeal” əsərinin yazılması ilə Muğanna imzasını qəbul etdi. Bu imzanın götürülməsi təqribən 1985-ci ilin sonu – 1986 – cı ilə təsadüf edir. 1986-cı ildən başlayaraq ədib bütün əsərlərini Muğanna imzası ilə qələmə almışdır. İmzanın götürülməsi ilə bağlı Aslan Aslanov 1988-ci ildə yazıçıya yazdığı təbrik məktubunda diqqət çəkən bir məqamı qeyd edir: “Əziz qardaşım İsa. Səni 60 illiyin və 2 yaşın münasibəti ilə Xalq yazıçısı kimi şərəfli ad almağınla əlaqədar səmimi qəlbdən təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram. Səni öpürəm. Qardaşın: Aslan Aslanov”. Muğannanın arxivindən olan bu məktub göstərir ki, yazıçı 1986-cı ildən Muğanna imzası ilə ədəbiyyatda qələmini işlətmişdi.

         
Yazıçının Muğanna imzasını götürməsi də təsadüfü deyildir. Nasir xatirələrində yazırdı ki, atası Mustafa Hüseynov danışmışdır ki, onların ulu babaları Rey şəhərində yaşayıb, ordan Muğan düzünə köçüb gəlmiş, oradan da Qazax qəzasının Padişahlıq kəndinə köçmüş, daha sonra Muğanlı kəndini salaraq bu kənddə məskunlaşmışdılar. İsa Muğannanın da bu imzanı qəbul etməsi yaşadığı yerin və şəcərələrinin adı ilə bağlıdır.  İsa Muğanna bu imzanı qəbul etməklə yalnız özünü deyil, şəcərələrini də əbədi yaşatmış oldu.

         
Muğanna imzası müəllifə və Azərbaycan ədəbiyyatına bir sıra töhvələr bəxş etdi. İsa Muğanna “İdeal” əsərini “Yanar ürək” və “Eşq dəlisi” adları ilə dəfələrlə çap etdirmişdi. Lakin İsa Muğanna imzası və “İdeal” adı ilə çap olunan əsər əvvəlki variantlardan xeyli fərqlənir. Nasir “İdeal”ı yazmaqla Azərbaycan ədəbiyyatında yeni ideaların yaranmasına səbəb oldu. “İdeal” həyatı əhəmiyyətli, taleyüklü, bəşəri idealarla zəngin fəlsəfi baxışlara söykənən ilk oxunuşdan dərk edilməsi çətin olan, cəmiyyətdə rezonans yaradan ədəbi tənqidə tuş gəlməyən bu günün özündə də böyük tədqiqat tələb edən Muğanna imzasının ilk və böyük uğurudur. “İdeal” romanı dövrün mənzərəsini yaratmaqla yanaşı ziddiyyətli məqamları da oxucuya təqdim edirdi. İnsanların tutduğu vəzifə və mövqedən asılı olaraq cəmiyyətə olan münasibətini göstərən bu əsər bəşəri ideyalarla zəngindir. Roman mübahisə, mülahizə və müzakirələrə geniş meydan verən iri həcmli əsər olmaqla yanaşı dərin düşünməyə sövq edən gərəkli ədəbi nümunədir. Ədib Muğanna imzasını qəbul etdikdən sonra 1988-ci ildə “Xalq yazıçısı” fəxri adına, 1998 - ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görüldü. Ustad sənətkar 2012 – ci ildə “Nəsimi” mükafatı ilə mükafatlandırıldı. Muğanna imzasının bu uğurları ədibin işgüzarlığı, bacarığı, istedadı və elminin nəticəsi idi. Yazıçı Muğanna imzası ilə “İdeal”, “Qəbiristan”, “İsahəq, Musahəq”, “GurÜn”, “Cəhənnəm”, “Türfə” romanlarını,  “İlan dərəsi”, “Qırx kisə qızıl”, “Söz yarası” povestlərini, “Həyatımdan səhifələr” adlı avtobioqrafik yazısını neçə-neçə hekayə, məqalələrini qələmə alaraq ədəbiyyat tariximiz üçün əhəmiyyətli və sanballı bədii ədəbiyyat nümunələri olaraq ədəbiyyat sevərlər üçün miras qoymuşdur.


Muğanna imzası ilə yazılan “Qəbiristan” romanı “İdeal”ın davamı hesab edilir. “İdeal”da baş verən hadisələr “Qəbiristan” romanında davam edirdi. Eyni zamanda əsərdə Azərbaycanda 90 – cı illərin əvvəlində olan vəziyyət müəyyən mənada əks olunmuşdur. Əsərin əsas idealarından biri odur ki, insanlar cəhalətdən uzaq durmalı, elmə və həqiqətlərə istinad edərək yaşamalıdır. İsa Muğanna əvvəlki əsərlərində olduğu kimi “Qəbiristan” romanında və ondan sonra yazdığı əsərlərdə də özünün taleyindən məqamları(avtobioqrafizmləri)  qələmə alırdı.


Muğanna imzasının Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlərdən biri də “İsaHəq, MusaHəq” romanıdır. Nasir bu ədəbi nümunəni İsa Hüseynov imzası ilə “Doğma və yad adamlar” adı ilə qələmə alsada, daha sonra müəyyən əlavələr edərək əsərin adını dəyişib 6 cildliyə daxil etmişdi. Romanda milli kimlik məsələsi diqqət mərkəzində idi. İsa Muğannanın “İdeal” və sonrakı əsərlərində bəşəri idealar ön mövqedə dayansa da, xəlqilik prinsipləri milli şüurun inkişafı məsələsi mühüm istiqamət olaraq qalırdı. Əsərdə ustad sənətkarın portretindən məqamlar da əks olunur. Rəşid Fətullayev obrazı müəllifin avtobioqrafik surətidir. Ədib bu surətin timsalında öz tale və xarakterinin müəyyən nüanslarını oxucuya təqdim etmişdi. Əsərdə yer alan Fətullayev obrazı təhsilini Bakıda davam etdirir və eyni zamanda “Sağ” adlı əsər yazır. “Sağ” adlanan bu ədəbi numunə Muğannanın “İdeal” romanı ilə müəyyən uyğunluq təşkil edirdi. Yazıçı bu romanı yazmaqla SafAğ elminin təbliğini də davam etdirirdi. Əsərdə Canbalayevlərin, Rəşid Fətullayevə olan münasibəti və təbəqələşmə məsələsi diqqət çəkən məqamlardandır. Nalə kasıb ailənin qızı olduğundan Canbalayevlər oğulları Vahidin onunla ailə qurmasını istəmir, buna hər vəchlə mane olmağa çalışır, sonda istəklərinə nail olurlar. Təbəqələşmənin də kökündə milli özünüdərkin durduğunu göstərən Muğanna bu kimi insanlarda şüurun inkişaf etmədiyinə işarə edirdi.


Muğanna imzasının ərsəyə gətirdiyi əsərlərdən biri də “Söz yarası” povestidir ki, ustad sənətkar bu əsəri 2012 – ci ildə qələmə almışdır. Əsərdə ermənilərin Azərbaycanın milli mədəni sərvətlərinə sahib çıxmağa çalışması məsələsi göstərilir. 13 – 14 yaşlarında olan Tahirə ermənilərin bizim olan “Sarıgəlin” mahnısını ifa etdiyini görüb mənfur düşmənin olduğu tədbirdə Azərbaycana məxsus olan bu əsəri ifa edir. Tədbirdə çoxluq təşkil edən ermənilər yeniyetmənin ifasına mane olmağa çalışsalar da, Tahirə “Sarıgəlin” mahnısını ifa edib bu əsərin Azərbaycana məxsus olduğunu bir daha göstərmiş olur. Povestdə yeniyetmənin belə vətənpərvər olması təqdir edilir, yenə də ermənilərin namərd xisləti əsərdə qabardılıb. Yazıçı istər İsa Hüseynov, istərsə də İsa Muğanna imzası ilə yazdığı əsərlərində milli kimlik və milli dəyərlər ilə bağlı məsələləri daim ön mövqedə tutmuşdur. Ədib Muğanna imzası ilə bir neçə şeir də qələmə almışdır ki, bu ədəbi nümunələrdə də müəllifin öz həyatı və SafAğ elmi ilə əlaqəli məqamlar əks olunmuşdur.


Muğanna imzası ədəbiyyatımıza sanballı əsərlər bəxş etməklə bərabər sahibinə rəğbət və bir qədər də heyrət qazandırdı. Ustad sənətkar Muğanna imzasını götürdükdən sonra bildirdi ki, əsərlərini Ün eşidərək yazır. Yazıçının Ün eşidərək əsərlərini qələmə alması oxucularını, tədqiqatçıları təəccübləndirdi. Bu da həqiqətdir ki, İsa Muğannanın “İdeal” və “İdeal”dan sonrakı əsərlərinə yanaşma eyni deyildi. Ədəbi nümunələrdə yer alan OdƏr dili və SafAğ elmi əsərlərin oxunmasını bir qədər çətinləşdirir. Ancaq yazıçının “İdeal”la başlayan dövr yaradıcılığında həyat əhəmiyyətli fikirlər, bəşəri ideyalar, fəlsəfi düşüncələr yer aldığından maraqlı oxucu üçün çətinlik arxa plana keçir. Nasirin “İdeal” və sonrakı əsərləri o, ədəbi nümunələrdəndir ki, bir yox, bir neçə dəfə oxunduqdan sonra daha yaxşı dərk edilir. Bu əsərlərdə yazıçının bədii təxəyyülü ilə bərabər real gerçəklik və elmlərin vəhdəti əks olunur. Bu baxımdan da Muğanna yaradıcılığına diqqət edən şəxs bütün elmlərdən məlumatlı olmalıdır. Bunu deməyə əsas verən odur ki, yazıçının “İdeal” və sonrakı əsərləri ilə bağlı mötəbər alimlər, akademiklər T. Hacıyev, İ. Həbibbəyli, N. Cəfərov elmi fikirlər söyləmiş və məqalələr yazmışlar.


İsa Muğanna hər iki imza ilə yazdığı əsərləri 2009 – cu ildə 6 cildliyində Muğanna imzası ilə çap etdirib oxuculara təqdim etdi. Görünür ədib ədəbiyyat tarixində Muğanna imzası ilə qalmağı daha məqbul hesab etmişdir. Zaman etibarı ilə Muğanna imzası hələ Hüseynov imzasını üstələyə bilmir. Müəllif İsa Hüseynov imzası ilə 37 il yazıb yaratmış sonuncu imza isə 35 ildir ki, böyük ədəbiyyatın səhifələrində görünməkdədir. Əminliklə söyləmək olar ki, Muğanna imzasının yaşı, Hüseynov imzasından dəfələrlə böyük olacaq.


Ustad sənətkar imzasından asılı olmayaraq zəngin, rəngin və gərgin yazıçılıq fəaliyyəti ilə məşqul olmuşdur. Muğannanın yazdığı əsərlərdə estetik, poetik güc obraz yaradılışı hər bir zaman öz zənginliyi ilə xüsusi yer tutmuş, mövzuların çox şaxəli olması cəmiyyətin ruhuna, xalqın istəyinə uyğunlaşması ədibin yaradıcılığının rənginliyindən xəbər verirdi. Müəllifin gərginlik keçirməsi ondan irəli gəlirdi ki, ədib yaratdığı obrazları sanki özü yaşayırdı. Müəllifin yaradıcılığının böyük bir hissəsi sovet rejiminə düşmüş, realist bir yazıçı üçün senzuranın tətbiq edildiyi bir şəraitdə ədəbi nümunələr yaratmaq son dərəcə gərgin idi. Bütün çətinliklərə baxmayaraq İsa Muğanna ədəbi nümunələrdə real cizgiləri sətiraltı ifadələrlə ədəbiyyat nümunəsinə çevirməyi bacarırdı.


Bir önəmli fakt da ondan ibarətdir ki, yazıçının Muğanna imzasını götürüb yeni imza və yeni düşüncə ilə yazdığı əsərlər ədəbiyyatşünaslar tərəfindən lazımınca dəyərləndirilməsədə, İsa Muğanna imzasına və düşüncələrinə sadiq qaldı. Müəllifin imzasına olan sədaqəti bu gün və gələcəkdə də imzasının ona sadiqliyinin numunəsidir.


Ustad sənətkar Muğanna imzası ilə Azərbaycan müstəqillik qazandıqdan sonra yazdığı əsərlərdə düşüncələrini azad və çərçivələrə rast gəlmədən yaza bilirdi. Muğanna imzası yazıçının ruhuna və qələminə azadlıq bəxş etməyi ilə də sahibinə ən böyük uğurlardan birini qazandırdı. İsa Muğanna yaradıcılığı bütövlükdə Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətli olduğu halda Muğanna imzası ilə qələmə aldığı əsərlər yalnız ədəbiyyatımız üçün deyil tarix, fəlsəfə, psixologiya, dilçilik elmləri üçün əhəmiyyətlidir. Bu da onu göstərir ki, İsa Muğanna yalnız ədəbi şəxsiyyət yox, həmdə tarixi şəxsiyyətdir.




Ülvi AYDIN
Bakı Dövlət Universitetinin doktorantı
AYB-nin və AJB-nin üzvü

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada