Xəbər verdiyimiz kimi, 22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.
Şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış kompleksindəki mənzillərin sənədləri onların ailə üzvlərinə təqdim edilib.
Şəhid operator Sirac Abışovun qardaşı Şirzad Abışov Modern.az-a bildirib ki, onların ailəsinə 3 otaqlı mənzilin sənədi təqdim olunub. Mənzil “Stansiya Sumqayıt” adlanan ərazidə yerləşir.
Ş.Abışov göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edib: "Ölkə başçısı bizə üç otaqlı ev hədiyyə edib. Ailəmiz adından minnətdarlığımızı bildiririk".
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.