Avqustun 23-də Ukraynanın paytaxtı Kyevdə “Krım Platforması” sammitinə start verilib. Platforma Krımın Rusiya tərəfindən ilhaqına beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün koordinasiya mexanizmi hesab olunur.
Dünən Kiyevdə başlayan sammitdə dünyanın 45-dən çox ölkəsindən (bütün Avropa və NATO ölkələri) nümayəndələr iştirak edir.
Krım platformasının yaradılması təşəbbüsü ilə 2020-ci ildə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib. “Krım Platforması” üç sütun üzərində dayanır: strateji baxış, konsolidasiya və sinerji.
Strateji baxış Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Radasınnın (RNBO) materiallarında nəzərdə tutulub və orada açıq və qapalı hissələr mövcuddur.
Krımın hüquqi statusu
Son 200 il ərzində Krım Rusiyanın nəzarəti altında olub. Lakin 1954-cü ildə Moskva vilayəti Ukraynaya “hədiyyə” edib. Etnik ruslar bu addımın “tarixi səhv” olduğunu deyirlər. Lakin Krım tatarları onların bir vaxtlar Ukraynada çoxluq təşkil etdiklərini diqqətə çəkirlər. Onlar adadan 1944-cü ildə nasist işğalçılarla əməkdaşlıq etdiklərinə görə Stalin tərəfindən deportasiya edilmişdilər.
2001-ci ilin statistikasına əsasən, Krımda etnik ukraynalılar 24%, ruslar 58%, tatarlar isə 12% təşkil edib. 1991-ci ildə SSRİ dağılandan sonra tatarlar Krıma qayıtmağa başlayıblar. Bu etnik ruslarla krım tatarları arasında gərginliyin torpaq üstündə artmasına səbəb olub.
Qanunla Krım Ukraynanın tərkib hissəsidir. Bu statusu Rusiya 1994–cü ildə ABŞ, Britaniya və Fransa ilə birgə memorandum imzalayaraq təsdiqləyib.
Muxtar respublikanın seçilən parlamenti var. Prezident vəzifəsi 1995-ci ildə rusiyapərəst separatçı siyasətçi böyük üstünlüklə qələbə qazandıqdan sonra ləğv edilmişdi.
Azərbaycan "Krım Platforması"nda iştirak etmir
Məlumat üçün bildirək ki, bu il mayın 27-də telefon danışığı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Dmitri Kuleba ilə “Krım Platforması”nın keçirilməsini müzakirə edib. Azərbaycan imtina barədə əvvəlcədən rəsmi Kiyevə xəbərdarlıq edib.
Bakının mövqeyi necədir?
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bunu beynəlxalq sənədlərdə təsdiq edib:
“Məsələ bəllidir, burada Rusiyaya qarşı Ukrayna tədbir keçirilir. Tədbirin mahiyyəti siyasidir. Təbii ki, Rusiya da bundan narahatdır. Azərbaycanının mövqeyini götürsək, ölkəmizin Ukrayna ilə münasibəti çox yaxındır. Düzünü desək, bu qarşılıqlıdır. Amma bəzi məqamlarda diplomatik addımların atılmasında hansısa səbəblər var. Burada həm istəklər, həm də imkanlar nəzərə alınmalıdır. Amma Azərbaycan tərəfindən qəbul olunan qərar düzgündür. Azərbaycan hər zaman Ukraynaya öz müsbət münasibətini bildirib. Həmçinin “Krım Platforması” hələ təzə təşəbbüsdür və hələlik platformanın real işləri hansı şəkildə icra edəcəyi barədə yetərli məlumat yoxdur”.
Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı isə Modern.az-a deyib ki, platformaya qoşulmamaq barədə təmkinli mövqe bizim milli maraqlarımıza uyğundur:
“Azərbaycanın Ukrayna ilə münasibətlərində maraqlarını nəzərə alırıq. Bizim həmin ölkə ilə münasibətlərimiz tarixidir, həm də indiki vaxtda güclü əlaqələrimiz var. Ukraynanın mövqeyini anlayırıq, onlar da həmçinin bizi nəzərə alır. İndiki həssas məqamda Azərbaycan platformaya qoşulmamaqda düzgün hərəkət edir. Əvəzimizə isə Türkiyə orada var, məncə, bu yetərlidir”.