Modern.az

Qırmızı Xaç Komitəsindən itkinlərlə bağlı müraciət

Qırmızı Xaç Komitəsindən itkinlərlə bağlı müraciət

Aktual

30 Avqust 2021, 11:33

Bu gün dünyada silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü qeyd olunur.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) Modern.az-a verilən məlumatda görə, qurum hər zaman itkin düşmüş şəxslərin ailələrinin yanındadır:


“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq regionda minlərlə insan itkin düşmüşdür. Bundan qat-qat artıq insan isə öz doğmalarının taleyindən xəbərsiz ağrı içində yaşayır. Bu insanların daima yaşadığı qeyri-müəyyənlik bir çox hallarda onları emosional cəhətdən tükədir və həyatlarında sağalmaz yaralar qoyur. Valideyninin, həyat yoldaşının və ya övladının başına nə gəldiyini bilməmək bu ailələrin çiyinlərinə dözülməz dərəcədə ağır yük qoyur. Onlar ümidlə ümidsizlik arasında, qeyri-müəyyən vəziyyətdə qalır, yas saxlaya bilmirlər.

İtkin düşmüş şəxslərdən birinin bacısı deyir ki, onun hər doğum gününü onsuz qeyd edirlər: “İllər ötür, o yaşa dolur, lakin mənim xəyallarımda o, hələ də həmin yaşdadır”.

“BQXK müvafiq qurumların itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və ailələrinə cavab verilməsi istiqamətində gördüyü işlərdə yaxından iştirak edir, onlara dəstək olur. Biz aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir, texniki bilik və səriştəmizi, dünyanın digər ölkələrində qazandığımız təcrübəmizi paylaşmaqla Azərbaycanın hakimiyyət orqanlarının fəaliyyətlərinə yardım göstəririk”,-deyə məlumatda bildirilib.

BQXK-nın Baş direktoru cənab Roberto Mardini itkin ailələrinə xitabən deyib ki,  onların yaxınları unudulmur:

“Onlar tək deyillər. Biz isə dövlətlərin səlahiyyətləri daxilində əllərindən gələni edərək, ailələrə cavab verməsi üçün onlara dəstək olmağa, bununla da ailələrin bilmək hüququnu müdafiə etməyə davam edəcəyik”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?