Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində baş vermiş qəza zamanı xəsarət alanların hamısı evə buraxılıb.
Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Elnarə Baxışova məlumat verib.
TƏBİB rəsmisinin sözlərinə görə, onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri normal olduğu üçün evə yazılıblar.
Xatırladaq ki, Ömər aşırımında “Niva” markalı minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 5 nəfər - 1975-ci il təvəllüdlü Qasımov Vüqar Şahid oğlu, 1983-cü il təvəllüdlü Məmmədov İlkin Rizvan oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Cəsur Surxay oğlu, 1985-ci il təvəllüdlü Səmədov Faiq Rasif oğlu və 1987-ci il təvəllüdlü Nağıyev Ruslan Vidadi oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəzaya düşənlərin şirkət işçiləri olduğu bildirilir.