Bu gün Vətən Müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin doğum günüdür.
Modern.az-ın məlumatına görə, 3 bacının yeganə qardaşı olan Abdullayev Rəşad Arif oğlu 14 sentyabr 1988-ci ildə Cəlilabad rayon Göytəpə şəhərində anadan olub.
1995-2003-cü illərdə Cəlilabad rayon Milli Qəhrəman Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbində oxuyan R.Abdullayev 2003-2006-cı illərdə təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib.
2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq 2010-cu ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirib. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə leytenant hərbi rütbəsi verilib.
Daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilib. Burada təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə 24.06.2010-cu il tarixindən 12.12.2011-ci ilədək Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Motoatıcı Taborun Tankəleyhinə Tağım Komandiri vəzifəsində xidmət edib. 12.12.2011-ci ildə XTQ kursu keçmək üçün “N” saylı hərbi hissəyə ezam olunub, kursu bitirdikdən sonra isə Azərbaycan Respublikası Müdafiə nazirinin 08 iyul 2012-ci il tarixli əmri ilə “N” saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunub. Şəhid olanda vəzifəsi “N” saylı hərbi hissədə komandir müavini, kapitan qərargah rəisi, tabor komandiri idi.
Çox sayda xüsusi əməliyyatlarda iştirak etmiş Rəşad Abdullayev hər bir tapşırığın öhdəsindən layiqincə gələrək çox böyük nailiyyətlər əldə edib. Kapitan Abdullayev 2016-cı ilin Aprel döyüşlərində xüsusi şücaət göstərib və xeyli düşməni məhv edib. Xarici ölkələrdə XTQ kurslarını, o cümlədən Türkiyədə keçirilən “TurAZ Qartalı” paraşut təlimlərinin iştirakçısı olaraq fərqlənmə ilə bitirib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin “Dəmir yumruq” hərbi əməliyyatlarının başlamasından sonra Murov zirvəsinin işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar Vətən müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərdən biri olub. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları düşmənə böyük zərbə vuraraq qəhrəmancasına şəhid olub. Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biri də kapitan Rəşad Abdullayev idi.
O, ötən il sentyabrın 28-də Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı fəxri adı, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi, 2 övladı yadigar qalıb.