“Müharibələr göstərdi ki, bizim bir vətənimiz, bir dövlətimiz və bizi Qələbəyə gətirən bir liderimiz var”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Zahid Oruc “Yaddaş” kitabının və Memorial.az saytının təqdimatı mərasimində deyib.
Onun sözlərinə görə, Vətən müharibəsinin bir ili qarşısında memorial.az-yaddaşkitabının yaradılması şəhidlərimizin müqəddəs əməllərini tarixiləşdirmək və gələcək nəsillərə ötürmək baxımından mühüm hadisədir:
“2907 şəhidin və itkin düşən 7 nəfərin sırasında polkovnikdən mükəlləfiyyətli əsgərə qədər xalqımızın seçilmiş övladlarıdır. Adları, təvəllüdləri, ulduzları fərqlidir, lakin hamısı bir bayrağın ulduzuna çevrilib Vətən üçün eyni mərtəbəyə yüksəliblər. Dünən Bakının baş meydanında prezident İlham Əliyev və hörmətli Mehriban xanımın başı üzərində qaldırdığı şəhidlər göyün üstündə olduqlarını sübut etdilər.
Bəli, Azərbaycan xalqı çox minillik tarixində yeni dövlətə millət təqviminin birinci ilini qeyd edir. Milad və hicri təqvimi kimi 44 gün bir millətin yenidən yaradılışı, Dirilişidir! Qara haşiyəyə alınmış tarix və məğlubiyyət səhifələri artıq qapanıb, 27 sentyabr Anım günü ilə Zəfərin mövludu başlayıb”.
Deputat bildirib ki, son 30 ildə Şəhidlər Xiyabanı millətimizin təkcə azadlıq simvolu, əbədi ziyarət yeri deyil, həm də düşmənə qarşı mənəvi səfərbərlik və milli birlik ünvanı oldu:
“Ona görə Şəhidlər Xiyabanı həm də Zəfər Abidəsidir, çünki müqəddəs amalları və əməlləri qalib gəlib!”
Fidan İlqar