Bu gün “Qars müqaviləsi”nin bağlanmasından 100 il ötür. “Qars müqaviləsi” 13 oktyabr 1921-ci il tarixdə Azərbaycan, Ermənistan və Gürcüstan SSR-in daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsidir. Müqavilə 11 sentyabr 1922-ci ildə qüvvəyə minib və müddətsizdir.
“Qars müqaviləsi”nin tarixi hüquqi əhəmiyyətinə qiymət verərkən xüsusilə Naxçıvan Muxtar Respublikasının məhz Azərbaycanın tərkibində qalmasını qeyd etmək olar. Heç kimə sirr deyil ki, zaman-zaman işğalçı Ermənistan Naxçıvan Muxtar Respublikasına qarşı ərazi iddiaları ilə çıxış edib.
Modern.az xəbər verir ki, türkiyəli diplomat, sabiq səfir Şükrü Ələkdağ “Qars müqaviləsi”nin rolundan danışarkən aşağıdakı fikirləri söyləyib:
“Ermənistan 1992-ci il mayın 8-də Şuşanı işğal edən zaman paralel olaraq Naxçıvanın Sədərək bölgəsinə də hücum etmiş, sərhədlərimizin 10 kilometrliyində hərbi əməliyyata başlamışdı. O zaman rəhmətlik Heydər Əliyev Türkiyədən yardım istədi və prezident Süleyman Dəmirəl bununla bağlı hökumətin toplantısını çağırdı. Hökumət Qars və Moskva müqavilələrini nəzərə alaraq, Ermənistana xəbərdarlıq etmək qərarına gəldi və baş nazirin müavini Erdal İnönü Ermənistanın xarici işlər naziri ilə əlaqə yaradaraq bildirdi ki, bu hərəkətin cavabı çox ağır olacaq. O dövrün Quru qoşunları komandanı da türk qoşunlarının hazır vəziyyətə gətirildiyini elan etdi və Ermənistan Naxçıvana qarşı hücumları dayandırmağa məcbur oldu. Bununla da “Qars müqaviləsi” Naxçıvanın Ermənistanın hücumlarından qorunmasında son dərəcəli mühüm rol oynadı”.
Türkiyəli diplomat bildirib ki, “Qars müqaviləsi” bağlandığı vaxtdan Ermənistanda birmənalı qarşılanmayıb:
“Ermənilərin bir qrupu bu müqavilənin erməni xalqının iradəsini ifadə etmədiyini bildirmişdi. Onlar daha çox “Sever müqaviləsi”nə üstünlük verirdilər. Təsadüfi deyil ki, o dövrlərdə "Sovet Ermənistanı" qəzeti kimi bəzi nəşrlərdə əks mövqedə olan qüvəllərin iddiaları geniş şəkildə işıqlandırılırdı.
Həmin dövrlərdə ermənilərin Təbrizdə çap olunan "Hayk" qəzetinin "Pərdə götürülmüşdür" adlı baş məqaləsində “şanlı Qızıl ordunun komandanları Sovet Federasiyasının tərkibinə daxil olan Ermənistanın mübahisəsiz hissəsini təşkil edən 1914-cü il sərhədlərində belə dayana və hətta balaca Naxçıvanı kamalçıların caynaqlarından qopara bilmədilər” deyə “Qars müqaviləsi”nə mənfi münasibət bəsləmişdilər. Belə nümunələr həddindən artıq çoxdur.
Beynəlxalq hüququn prinsiplərinə görə “Qars müqaviləsi”nin ləğvinə yönəlik cəhdlərin əsası varmı? Əlbbəttə birmənlaı şəkildə demək olar ki yox. “Qars müqaviləsi” müddətsiz bağlanmış çoxtərəfli müqavilədir. Beynəlxalq hüququn prinsiplərinə əsasən müqaviləni imzalayan şəxslər dövlətləri tərəfindən mandat almışdır.
Müqavilə radifikasiya edilmişdir.
Müqavilələrin mübadiləsi həyata keçirilmişdir.
Lakin Ermənistanın daha çox istinad etdiyi “Sever müqaviləsi” “Qars müqaviləsi”ndən fərqli olaraq Türkiyə Böyük Millət Məclisi tərəfindən radifikasiya edilməmişdir.
İşğaldan azad edilmiş Şuşa şəhərinin adı ilə tarixə türk dünyasının iki böyük şəxsiyyəti tərəfindən imzalanmış “Şuşa Bəyannaməsi”ndə bir daha “Qars müqaviləsi”nə sadiqlik öz təsdiqini tapmışdır:
“15 iyun 2021-ci il tarixdə Şuşa şəhərində Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladığı “Şuşa Bəyannaməsi”nin preambula hissəsində qeyd edilir ki, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli “Qars müqaviləsi”nə sadiq olduqlarını bir daha təsdiq edirik”.
Tarixi “Qars müqaviləsi”ni imzalayan Behbud ağa Şaxtaxtinskini rəhmətlə anırıq!”.