Modern.az

Hüquq müdafiəçiləri Amnistiya aktı təklifini dəstəklədilər

Hüquq müdafiəçiləri Amnistiya aktı təklifini dəstəklədilər

4 Noyabr 2021, 13:21

Noyabrın 4-də Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun təşəbbüsü ilə hüquq müdafiəçilərinin toplantısı keçirilib.

Toplantıda Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş 8 Noyabr – Zəfər Günü ilə əlaqədar amnistiya elan edilməsi təşəbbüsü ilə bağlı hüquq müdafiə təşkilatı və hüquqşunasların fikirləri dinlənilib.

D.Əliyeva adına QDMC-nin sədri Novella Cəfəroğlu Zəfər gününün Azərbaycan xalqı üçün müstəsna tarxi əhəmiyyət daşıdığını və prezidentin təşəbbüsünü humanist addım böyük hadisə adlandırıb.

Onun sözlərinə görə, amnistiya aktının Vətən müharibəsində və ölkənin ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, həlak olmuş şəxslərin yaxın qohumlarına, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərə və çoxlu sayda kateqoriyadan olan digər insanlara şamil olunması qələbə günümüzə ən böyük hədiyyə olacaq.

“İnsanların qələbə sevincini öz ailələri ilə birgə keçirməsi üçün bu aktdan irəli gələn vəzifələrin tezliklə icra olunacaqına ümid edirik”.

Çıxış edən hüquqşunas Əsabəli Mustafayev, Bakı İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov, Konstitutsiya Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü Əvəz Həsənov, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənanyarlı, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, hüquq müdafəçisi Dilara Əfəndiya şıxış edərək Amnistiya aktı ilə bağlı fikirlərini bildiriblər.

Tədbir zamanı səslənən fikirlərin ümumiləşdirilərək Prezident Administrasiyasına, Milli Məclisə və Əfv Komissiyasına göndəriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir