Türkiyədə 18 yaşından yuxarı şəxslər bu gündən etibarən istədikləri peyvənd növünün 3 dozasını vurdura biləcəklər.
Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu haqda Türkiyə səhiyyə naziri Fahrettin Koca ötən gün videokonfransda məlumat verib.
Nazir peyvəndin 3-6 ay arasında qoruyucu təsirə malik olduğunu və 6 ayı tamam olan gəncləri 3 doza peyvənd vurdurmağa səsləyib:
“Gənclər xəstəliyi yüngül keçirsələr də, risk qrupunda olan yaşı 60-dan yuxarı şəxsləri asanlıqla yoluxdura bilərlər. Bundan əlavə, bu qərarla həm də xəstəxanaya yerləşdirilmə və ölüm hallarının qarşısının alınacağını düşünürük. Gənclərin böyüklərimizi qorumaq üçün bizə dəstək olacaqlarına ümid edirik”, - deyə, nazir bildirib.
Bundan əlavə, nazir həmçinin 8-16 yaş qrupunda olan məktəb yaşlı uşaqlar arasında ümumi yoluxmalar nisbətinin təxminən 10 faiz azaldığını qeyd edib.