Modern.az

“Təmiz Şəhər”ə MEDİATUR

“Təmiz Şəhər”ə MEDİATUR

16 Noyabr 2021, 09:56

Noyabrın 15-i “Təkrar emal” günü ilə bağlı “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə mediatur təşkil olunub.

 

Modern.az xəbər verir ki, turda jurnalistlər Bərk məişət tullantılarının çeşidlənməsi zavoduna və Balaxanı sənaye parkına baş çəkiblər.

 

Mediatur zamanı Təmiz Şəhər ASC-nin mətbuat katibi Orxan Cabbarlı jurnalistlərin suallarını cavablandırıb.

 

O, tullantıların zərərsizləşdirilməsi sahəsində əhəmiyyətli fəaliyyətlərdən ən vacibinin çeşidləmə olduğunu deyib:

 

““Təmiz Şəhər” ASC-nin Bərk məişət tullantılarının çeşidlənməsi zavodu 2012-ci ildən bu istiqamətdə uğurla fəaliyyət göstərir. Məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan bu zavodda çeşidləmənin aparılması nəticəsində ayrılan materiallar tullantıların ümumi həcmini azaldır, Balaxanı Sənaye Parkı üçün ucuz xammal bazası formalaşdırır. Bu isə ölkədə təkrar emal prosesinin inkişafına böyük təkan verir. Çeşidləmə zavodunun fəaliyyəti tullantıları düzgün idarə etməklə təbii ehtiyatlara və enerjiyə qənaət olunmasına xidmət edir. Yuxarıda qeyd olunanlara diqqət yetirməklə Balaxanı Sənaye Parkında həyata keçirilən təkrar emal prosesinin böyük əhəmiyyətə malik olduğunu qeyd etmək lazımdır.

Sənaye Parkı təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə dövlət başçısının 28 dekabr 2011-ci il tarixli Sərəncamı ilə yaradılıb. Sərəncamla “Təmiz Şəhər” ASC Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib. İlkin mərhələdə 7 hektar ərazini əhatə edən Sənaye Parkına marağın artması nəzərə alınaraq sahəsi 10,15 hektara çatdırılıb. Balaxanı Sənaye Parkının yaradılması ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Təkrar emal biznesini qurmaq, innovativ texnologiyaları tətbiq edərək “yaşıl istehsal”la məşğul olmaq istəyənlər üçün  Balaxanı Sənaye Parkı əlverişli məkandır. Sənaye Parkında 23 rezident qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub,

“yaşıl” məhsul istehsalının artırılması istiqamətində fəaliyyət genişləndirilib. Bir istehsal müəssisəsinin məhsulunun digər müəssisədə  istifadə olunması Balaxanı Sənaye Parkını fərqləndirən əsas xüsusiyyətlərdəndir.  Məsələn, “Alphapack Azerbaijan” MMC-nin istehsal etdiyi yapışqan lentlər sənaye parkının digər rezidenti olan “FORİELLA” MMC tərəfindən istehsal fəaliyyətində istifadə edilir.“Bioropean” MMC-nin emal etdiyi texniki yağlar “Ekokat” MMC-nin istehsal fəaliyyətində xammal kimi istifadə edilir”.

 

Orxan Cabbarlı onu da qeyd edib ki, Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyət göstərmək sahibkarlara bir sıra üstünlüklər qazandırır:

“Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur. Balaxanı Sənaye Parkının fəaliyyəti dövründə rezidentlər tərəfindən bura 44,7 milyon manat investisiya qoyulub və 800-dən çox yeni iş yeri yaradılıb. Rezidentlər tərəfindən ötən müddət ərzində ümumilikdə, 81,9 milyon manat dəyərində məhsul istehsal edilib. Tullantılardan xammal kimi istifadə edilərək hazırlanan 10,8 milyon manat dəyərində məhsul Niderland, İsveçrə, ABŞ, Qazaxıstan, Gürcüstan, Rusiya, Belarus daxil olmaqla, bir çox xarici ölkələrə ixrac olunub”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi