Son günlər sosial şəbəkələrdə fala baxmaq adı ilə vətəndaşlara qarşı dələduzluq edilir. “Tik Tok”, “İnstagram” və “Facebook” kimi geniş auditoriyaya malik virtual aləm sanki falçıların iş yerinə çevrilib. Onlar müxtəlif saatlarda sosial şəbəkələrdə canlı yayımlar vaistəsilə daha da aktiv “fəaliyyət” göstərirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a sosial şəbəkələrdə, xüsusən “İnstagram”da müəyyən ödəniş qarşılığında vətəndaşlara internet xidmətləri göstərən və fala baxan səhifələr olduğunu təsdiqləyib.
E.Hacıyev deyib ki, belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar:
“Eləcə də virtual məkanda fala baxmaq adı ilə də sosial şəbəkə üzvlərini aldatma yolu ilə onların onlayn ödəmə formasında pullarını talayırlar. Polis orqanlarına sosial şəbəkə hesablarına bu cür neqativ hallarla üzləşən şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik”.