Azərbaycan Ordusunun nizam-intizam, peşəkarlıq, ən müasir texnika, silah-sursatla təminatı 44 günlük Vətən müharibəsi və ötən gün sərhəddə baş verən münaqişə zamanı itkilərin minimum olmasını təmin etdi.
Bunu Modern.az-a açıqlamasında hərbi ekspert Tərlan Eyvazov bildirib.
T.Eyvazov deyib ki, üçtərəfli bəyanatın tələblərini təkcə Azərbaycan yerinə yetirib:
“Ermənistan ümumiyyətlə bəyanata əməl etməyib, Rusiya da vasitəçilik öhdəsini tam məsuliyyətlə yerinə yetirməyib, ya da yetirmək istəməyib. Ermənistan tərəfi bu hadisədən guya qəzəblənib və gözlənilməz halda böyük texnika və top atəşləri ilə bizim yüksəklikdəki mövqelərimizi vurmağa başlayıb. İtkilərimiz də orada olub”.
T.Eyvazov qeyd edib ki, Azərbaycan məhz əlində olan yüksək texnoloji vaistələrdən istifadə etməklə düşmənə sarsıdıcı zərbə vurub, susdurub:
“Düşmən həmişə olduğu kimi yenə rus hamilərinə müraciət etdikdən sonra Moskva işə qarışdı. Məsələ aydınlaşdıqdan sonra atəşkəs əldə olundu. Düşmən tərəfinin itkisinin çox olması da təbii ki, ötən il Vətən müharibəsi zamanı Azərbaycan tərəfinin kəşfiyyat, yürüstü və havadan olan texniki silahlar vasitəsilə həyata keçirdiyi əməliyyatlar, zərbələrin nəticəsidir”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, noyabrın 16-da Ermənistanın təxribatı zamanı ağır silahlardan istifadə olunub. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi 7 şəhid verib, 10 nəfər yaralanıb.
Ermənistan tərəfinin 20 nəfərdən artıq itkisi verdiyi, 40-dan artıq hərbçinin yaralandığı bildirilir.