“Azərbaycan sərhəddə baş verən son hadisələrlə bağlı beynəlxalq təşkilatları, xarici dövlətləri məlumatlandırdı. Beynəlxalq qurumlar və Azərbaycan iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqların vacibliyini qeyd edirlər. Amma Ermənistan bu çağırışlara səs vermir. İndi baş verən hadisələrin mahiyyəti elə bundan ibarətdir”.
Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
O qeyd edib ki, 10-15 gün bundan öncə gündəmdə 2 mövzu var idi: Sərhədlərin demarkasiyası və delimitasiyası, qarşılıqlı ərazi bütövlüyünün tanınması və Zəngəzur dəhlizinin razılığının alınması:
“Amma bu mövzuların Ermənistanın daxilində bir çox gərginlik yaratdığını görürdük. Bunun nəticəsi olaraq baş nazir Paşinyan axırda bəyan elədi ki, “Zəngəzur dəhlizi olmayacaq, biz demarkasiya və delimitasiya prosesinə hazırıq, amma ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması mümkün deyil”. Beynəlxalq təcrübəyə görə, sərhədlərin demarkasiya və delimitasiyası prosesləri texniki əhəmiyyət kəsb edir. Bunun bünövrəsi təbii ki, qarşılıqlı olaraq ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Bunlarsız demarkasiya və delimitasiya prosesi mümkün deyil. Hiss olunur ki, Ermənistan bu prosesə getməməyi qərara alıb. İndi görürük ki, təxribatlar, gərginliklər yaradır və itkilər var. Əsas odur ki, orada gərginlik yaratsın, hansısa xarici qüvvələri sərhəd mövzusuna cəlb eləsin”.
T.Zülfüqarov təxminən ssenarinin nədən ibarət olduğunun anlaşıldığını qeyd edib:
“Əvvəl gərginlik yaradırlar, sonra müraciətlər olur və kimsə vasitəçilik təklif edir. Axırda ya müşahidəçilər, ya da digər formatda olan qüvvələr sərhədə gəlir. Hiss olunur ki, Ermənistanın məqsədi məhz budur. Deməli, Ermənistan sərhəd yox, təmas xətti yaratmaq istəyir. Bu təmas xəttinin onlar tərəfdən daha etibarlı olması üçün kənar qüvvələrin cəlb olunması hədəf kimi götürülüb. Görürük ki, bu plan artıq həyata keçirilir. Ermənilər artıq rəsmi olaraq müxtəlif ünvanlara müraciət edirlər. Düşünmürəm ki, yaxın gələcəkdə kimsə vasitəçilik funksiyasını təklif etsin. Yəqin ki, hələlik bu, Rusiya olacaq”.