“Hər yaş qrupundan olan insanlar koronavirusun “Omicron” ştamına yoluxa bilər. Peyvənd olunmamış insanlar daha tez virusa yoluxur. Gənclər və uşaqlarda yoluxma sıxlığı ilə bağlı araşdırmalar hələ də davam etdirilir”.
Modern.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov bildirib.
Həkim qeyd edib ki, “Omicron” ştamına yoluxan, peyvənd olunmayan və ya natamam peyvənd olunanlarda xəstəlik törətmə qabiliyyəti var:
“Ona görə 3 doza peyvənd şiddətlə tövsiyə olunur. Bu, immun sisteminin dayanıqlığını artırır, mutasiyaya uğramış virusa qarşı daha da davamlı olur”.
F.Sədirovun sözlərinə görə, ÜST-ün qəbul etdiyi vaksinlər koronavirusun bütün ştamlarına qarşı bu və ya digər dərəcədə davamlıdır:
“Hər zaman demişik ki, koronavirusa qarşı istifadə olunan peyvəndlər virusdan yüz faiz qorumur. Amma ağır xəstəlik hallarından və ölümdən yüksək faizdə qoruyur”.