“Adətən hamilə qadının orqanizmi böyüməkdə olan dölün artan tələblərinin öhdəsindən rahatlıqla gəlir. Bu prosesdə ən vacib rollardan biri böyrək və sidik yollarının üzərinə düşür. Hamiləliyin sidik sistemində yaratdığı dəyişikliklər normal halda doğuşdan sonra keçib gedir”.
Modern.az xəbər verir ki, bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti, uroloq Vəfa Əbdürəhimova bildirib.
Onun sözlərinə görə bu bəzi hallarda bir sıra problemlərin yaranmasına səbəb olur:
“Onlara böyrək və sidik yollarının infeksiyaları hesab edilən pielonefriti və sistiti, hidronefrozu, sidik saxlamazlığı, sidik kisəsi-sidik axarı reflyuksunu və s. göstərmək olar. Hamilə qadında hormonal fon dəyişir. Proqesteronun artması sidik yollarının tonusunun azalmasına və durğunluğa səbəb olur. Belə şəraitdə sidik infersiyalarına qarşı həssaslıq artır. Adi halda simptom verməyən bakteriya (sidikdə bakteriyanın çox olması) hamilədə sidikliyin iltihabı olan kəskin sistitə və böyrəyə qalxaraq pielonefritə səbəb olur. Hamiləliyin ilk 3 ayında, yəni 1-ci trimestrdə daha çox sistitə, 2-ci və 3-cü trimestrdə isə pielonefritə rast gəlinir. Buna səbəb dölün getdikcə böyüməsi ilə uşaqlığın yuxarı sidik yollarına təzyiqin və durğunluğun artmasıdır. Əgər sistit zamanı xəstəni sidiyə getmənin tez-tez və ağrılı olması narahat edirsə, böyrək iltihablaşdıqda, yəni artıq pielonefrit inkişaf etdikdə əlavə olaraq beldə ağrı, üşütmə, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, ümumi halsızlıq meydana gəlir. Kəskin sistit daha rahat müalicə oluna bilirsə də, onun əsasən 1-ci trimestrdə rastlanması problemi çətinləşdirir. Belə ki, hamiləliyin bu ilk 3 ayında dölün mayası qoyularaq onun formalaşması gedir və antibakterial müalicə bu prosesə mənfi təsir göstərə bilər. İrəli trimestrlərdə bu müalicənin dölə təsirinin nisbətən az olduğunu nəzərə alararaq onu daha inamla aparmaq olar. Mövcud antibiotiklər içərisində isə dölə təsiri ən minimum olanlar seçilməlidir”.
Həkim dərman müalicəsi ilə yanaşı hamiləyə bir sıra qidalanma və davranış qaydaları məsləhət görüldüyünü qeyd edib:
“Bəzi hallarda irinli sidiyin böyrəkdən sərbəst axması çətinləşdiyindən aparılan dərman müalicəsi effekt verməyə bilir. Belə hallarda problemin həlli üçün böyrəyə stent qoymaq zərurəti yaranır. Stent sidiyin axımını təmin etdiyindən müalicə də öz təsirini göstərməyə başlayır və hamilənin vəziyyəti yaxşılaşır. Belə sidik yolları infeksiyalarının inkişafının əsasında sidikdə xəstəlik törədəcək miqdarda bakteriyaların olmasıdır.
Hamiləlik zamanı təsadüf etdiyimiz dəyişikliklərdən biri də böyrəkdaxili boşluğun və sidik axarının genişlənməsidir ki, bu da əsasən ultrasəs müayinəsində müəyyən edilir və nəticədə hidronefroz kimi qeyd edilir. Bu diaqnoz hamiləni, həmçinin onun müşahidədə saxlayan mama-ginekoloqu çox ehtiyatlandırır. Hamiləlik zamanı bu vəziyyətə səbəb yuxarıda qeyd etdiyimiz hormonal dəyisiklik və mexaniki sıxılmadır. Əgər bu genişlənmə hamilə qadına ağrı vermirsə, iltihabla fəsadlaşmırsa, heç bir müalicə tələb etmir. Adətən doğuşdan sonra 6 həftə ərzində bu genişlənmə öz-özünə aradan qalxır. Əgər keçmirsə, uroloq tərəfindən ciddi yoxlanmalıdır”.
V.Əbdürəhimova bildirib ki, hamilə qadında görülə bilən uroloji problemlərdən biri də sidik qaçırmalardır:
“Bu epizodik, bəzən isə daha tez-tez baş verən sidik saxlamazlıq şəklində ola bilir. Ümumiyyətlə ilk 3 ayı çıxmaq şərtilə hamilə sidiyə müqayisədə tez-tez çıxır və hamiləlik böyüdükcə, bu say artır. Bu böyüyən uşaqlığın ondan öndə yerləşən sidik kisəsinə təzyiq etməsi ilə əlaqədardır. Sidiklikdə iltihabla əlaqədar sidik qaçırma ola, stress və ya qarışıq formalı sidik saxlamazlıq yarana bilir, lakin, hamiləlik bitdikdən sonra aradan qalxır. Bu vəziyyət, bundan əvvəl təbii və xüsusilə ağır doğuşu olmuş hamilələrdə daha sıx görünür. Hamiləlik qadın orqanizmi üçün bir sınaqdır söyləsək, yanılmarıq. Ondan əvvəl məlum olan və ya gizli gedən uroloji xəstəliklər hamiləlik dövründə ağırlaşa bilər”.