Modern.az

Kənd qadınları məişət zorakılığına qarşı - FOTOLAR

Kənd qadınları məişət zorakılığına qarşı - FOTOLAR

Aktual

15 Dekabr 2021, 15:11

Dekabrın 17-də AKQA ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanacaq. Kənddə yaşayan qadınlar məişət zorakılığına “Dur” demək üçün toplanacaqlar.

 

AKQA-nın sədri Gülbəniz Qənbərova Modern.az -a açıqlamasında kənd qadınlarının rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının təkmilləşdiriləcəyini bildirib.

 

Gələcəkdə kənd qadınlarının əl əməyi, alın təri, göz nuru ilə qazandığı nailiyyətlərlə hər kəs yaxından tanış olsun deyə, təşkilatın USAİD tərəfindən maliyyələşən www.arwa.az saytı da istifadəyə veriləcək.  Bununla 22 rayonda fəaliyyət göstərən əməkçi qadınlarımız kənddən çıxmadan, əziyyət çəkmədən məhsullarını onlayn sata biləcəklər.

 

Keçmişdə evdar qadın olan gədəbəyli Tünzalə Ələkbərova, qaxlı Bəsti Aydınovanı indi bütün Azərbaycan tanıyır.

 

Uğur hekayələrinin mayası isə zəhmət, əzmkarlıq və faydalandıqları doğru ünvandır. Tünzalə Ələkbərova  məşhur Slavyanka kəndindəndir. Özü kimi əməksevər, amma işsiz 12 qadınla əl-ələ verərək, adlı-sanlı "Zirvə" qrupu yaradıb. Torpağa ana qayğısı ilə qulluq edərək, tərəvəz becərir, eyni zamanda yağ, pendir, qaymaq istehsal edərək, süfrələrə ekoloji təmiz ləzzətlər gətirirlər.

 

Bəsti Aydınova isə Ləkit kəndindəki qadınlarla əl-ələ verərək, "Yasəmən" Qadın Qrupuna rəhbərlik edir. Xanımlar əlbirliyi ilə şirniyyat evi açaraq, arıçılıq və fındıq becərməklə məşğuldurlar.

 

Müharibə və pandemiya dövründə bu qrup, kəndin "olmazsa-olmaz"ına çevrildi. Cəbhəyə sovqat göndərib, kənddəki imkansız ailələrə dəstək, xəstə və yaşlı kimsəsizlərə baş çəkirlər.

 

Hər 2 qrupun zəhmətkeş xanımlarının arzuları da, işgüzar planları da çoxdur.  Azərbaycan Kənd Qadınları Assosiyasının (AKQA) üzvləri məişət zorakılığı, erkən nikah bəlaları hər il kəndlərdəki onlarla qadının gələcəyini, xəyallarını param-parça etdiyini bildiriblər. Ona görə də kənd qadınları bu sahədə də qüvvələrini birləşdirmək qərarı veriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?