“İcra xidmətinin icraatında olan icra sənədlərinin böyük əksəriyyəti borc tələblərinə aiddir. Borc sənədlərinə dair icra sənədləri özləri bir neçə kateqoriyaya bölünür. Cəmiyyətdə daha çox kredit borcları tanınır. Borcluların bank və digər kredit təşkilatlarından götürdükləri vəsaitlər qarşılığında daşıdıqları məsuliyyətə dair verilən icra sənədləridir. İcra sənədləri özləri də təminatlı və təminatsız kreditlərə bölünürlər”.
Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin Kredit borcları şöbəsinin baş məsləhətçisi Tural Süleymanov bildirib.
Onun sözlərinə görə, təminatlı kredit borclarında icra mexanizmi qanunvericiliklə təmin olunur:
“Burada icra çərçivəsində icra məmurları mülki, mülki-prosesual icra və əsasən icra haqqında qanunvericiliklərə istinad edir. Məsələn, vergi borclarında Vergi Məcəlləsinə istinad olunur”.
T. Süleymanov bildirib ki, bu qəbildən olan işlərin icra sənədləri çoxluq təşkil edir:
“İcraatımızda olan icra sənədlərinin təxminən 30-35 faizindən çox hissəsini borc tələbləri təşkil edir”.