Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunda dəyişiklik edib.
Ölkə başçısının imzaladığı sərəncamlarla rayon Təhsil şöbələri ləğv olunaraq, onların bazasında regional idarələr yaradılıb, uşaq bağçaları isə İcra hakimiyyətlərindən geri alınaraq, Təhsil Nazirliyinin tabeliyinə qaytarılıb.
Təhsil eksperti Nadir İsrafilov Modern.az-a açıqlamasında bildirib ki, regional idarələrin yaradılması bu günün məsələsi deyil.
Onun sözlərinə görə, vaxtilə bu məsələ dəfələrlə müzakirə edilib:
“Bütün rayonlarda təhsillə bağlı maliyyə-hesablama mərkəzləri olub. Onlar ləğv olunandan sonra aparatla bağlı bu məsələ qalmışdı. Tamlıq, vahidlik təşkil eləmək üçün bu aparatın da regionlaşması vacib idi. Ölkə başçısının bu sərəncamını ancaq alqışlamaq lazımdır. Çünki bu saat bizdə optimallaşdırma və rassionalaşdırma ilə bağlı çox işlər görülür. Buna misal olaraq, ayrı-ayrı kolleclərin universitetlərin nəzdinə verilməsini deyə bilərik. Bu proses dünya təcrübəsinə əsasən aparılır”.
N.İsrafilov qeyd edib ki, son günlər Prezidentin təhsillə bağlı bir neçə sərəncamı təhsilin önəmli sahə olduğunu sübut edir:
“Təhsil işçilərinin əməkhaqlarının artırılması, bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi və s. uğurlu addımdır. Təhsildə fasiləsizlik, varislik prinsipi var. Necə olur ki, bağça İcra Hakimiyyətlərinin tabeliyindədir, məktəbəqədər təhsil və məktəb Təhsil Nazirliyinin. Ona görə bu sərəncamı alqışlayıram və qanuni hesab edirəm. Bu bir daha təhsilə olan diqqət və qayğını göstəricisidir”.