Modern.az

Qadınların iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil

Qadınların iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil

Aktual

27 Dekabr 2021, 12:19

"Artıq bütün dünyada qəbul edilir ki, qadınların ictimai həyatın bütün sahələrində iştirakı olmadan güclü, sabit dövləti təsəvvür etmək mümkün deyil"

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

 

Onun sözlərinə görə, bu səbəbdən də qlobal gündəlikdə dayanan məsələlər ayrı-ayrı ölkələrin məqsədləri ilə üst-üstə düşür:

 

"İqtisadiyyatın bütün sahələrində qadınların iqtisadi fəallığının artırılması, onların idarəetmə və qərarların qəbulu proseslərinə cəlb edilməsi, özünü realizə etməsi üçün şəraitin yaradılması, iş və ailə həyatı arasında balansın qorunması – bu, sabit, bərabər cəmiyyət və davamlı iqtisadi artımı təmin edən təməl prinsiplərdir.

 

Dünyanın bir çox ölkələrində həm yerli, həm beynəlxalq səviyyədə keçirilən Konfrans və Forumlar, Zirvə görüşləri bu sahədə qlobal təşəbbüsləri daha da artırır. Cari ilin oktyabrın 13-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Üçüncü Avrasiya Qadın Forumu da bu qəbildən idi.

 

Milli Məclisin spikeri Sahibə xanım Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti plenar iclasda və ayrı-ayrı sessiyalarda iştirak edərək Azərbaycan qadınlarının əldə etdiyi uğurlar və dünya qadın hərəkatına verdiyi töhfələr, Azərbaycan təcrübəsi haqqında ətraflı məruzə və təqdimatlar etdilər. Edilən çağırışlar bir daha təsdiq etdi ki, gender bərabərliyinin təmin olunması üçün iqtisadi resurslara, texnologiya və maliyyə xidmətlərinə, məşğulluq, təhsil üçün imkanlara təhlükəsiz və bərabər çıxış imkanları yaradılmalıdır. Bununla bağlı qeyd etmək istərdim ki, ölkədə gender bərabərliyinin təmin olunması Prezident İlham Əliyevin və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqətindədir. Hələ bir çox Avropa və MDB ölkələrində gender bərabərliyi haqqında heç bir hüquqi-normativ sənəd olmayanda, 15 il bundan əvvəl Azərbaycanda “Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edildi. 2010-cu ildə “Məişət zorakılığı hallarının qarşısının alınması ilə bağlı” Qanun qəbul edildi. Ailə Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar üçün nikah yaşı 18-ə qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilmişdir. Qəbul olunan bütün dövlət proqramlarında qadın hüquqlarının qorunması, onların məşğulluğu, məişət zorakılığı hallarının qarşısının aradan qaldırılması ilə bağlı tədbirlər hər zaman nəzərə alınır"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!