2022-ci ilin Şuşa ili elan edilməsi Azərbaycan xalqının işğaldan azad etdiyi tarixi yurd yerlərinə böyük qayıdışının ən önəmli mərhələlərindən biridir.
Bu sözləri Modern.az saytına açıqlamasında Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamını şərh edən millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Bu il Şuşa şəhərinin əsasının qoyulmasının 270-ci ildönümünün qeyd olunacağını xatırladan millət vəkili mədəniyyətimizin paytaxtının təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynadığını bildirib: “Azərbaycan dövlətçiliyinin ayrılmaz parçası olan Qarabağ xanlığının yaranmasından 5 il sonra Şuşa şəhərinin əsasının qoyulması və şəhərin xanlığın siyasi və mədəni mərkəzinə çevrilməsi mühüm tarixi hadisə olmaqla yanaşı, Azərbaycan xalqının böyük dövlətçilik ənənələrinə malik qurucu bir xalq olduğunu təsdiqləyirdi. Bu fakt həm də xalqımızın müstəqil yaşamaq, dövlət qurmaq iqtidarında və gücündə olduğunu nümayiş etdirirdi”.
Deputat qeyd edib ki, son 1 il ərzində Şuşa şəhərində həyata keçirilən layihələr, görülən işlər Azərbaycan xalqının bu torpaqların əsl sahibi olduğunu nümayiş etdirməklə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçiriləcək quruculuq-bərpa işlərinin ümumi mənzərəsini də formalaşdırır: “Şuşa şəhərinin tarixi simasının bərpası istiqamətində həyata keçirilən nəhəng layihələr, bütövlükdə erməni vandallarının işğalından azad edilmiş əzəli torpaqlarımıza böyük mədəniyyətimizin qayıdışı kimi dəyərləndirilməlidir. 270 il öncə dağlıq bir ərazidə Şuşa şəhəri kimi nəhəng mədəniyyət nümunəsi yaradan Azərbaycan xalqı, bu gün daha böyük əzm və məharətlə bu ənənəni davam etdirir”.
Azər Kərimlinin sözlərinə görə, qısa müddət ərzində Şuşanın Baş planının hazırlanması, böyük şair və siyasi xadim Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, həmçinin buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi Azərbaycan dövlətinin gücünü və xalqımızın yaradıcılıq potensialının, yüksək mədəniyyətinin bariz nümunəsidir: “Ötən il Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır və bu proses bütövlükdə işğaldan azad edilmiş ərazilərimizi əhatə edəcək, yeni-yeni mədəniyyət nümunələrinin yaranmasına töhfə verəcəkdir”.