Modern.az

Son günlər yayılan virus körpələrə daha çox TƏSİR EDİR

Son günlər yayılan virus körpələrə daha çox TƏSİR EDİR

10 Yanvar 2022, 12:46

“Son günlər uşaqlar arasında yayılan xəstəlik qripin, yəni "influenza” virusudur. Dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlanılıb və artmağa davam edir. Kiçik körpələrə və 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir”.

 

Modern.az xəbər verir ki, bu haqda  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev məlumat verib.

 

Onun sözlərinə görə, xəstəlik çox ağır bronxitə səbəb olur:

 

“Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız virus qrupu budur. Uşaqlar xəstələndiyi halda vaxtında həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomlarında mütləq həkimlə məsləhət edilməlidir”.

 

Ə.Quliyev qeyd edib ki, uşaqlar məktəblərdə maska, məsafə və təmizlik qaydasına ciddi diqqət yetirməlidirlər:

 

“Bu məqamda həm müəllimlərin, həm də ailələrin üzərinə öhdəlik düşür. Bundan əlavə, risk qrupunda olan, məsələn, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar dərhal qrip peyvəndi almalıdırlar. Qrip mövsümünün başlamasına 15 gün qalmış qripə qarşı peyvəndin alınması daha faydalıdır”.

 

Mütəxəssis-ekspert bildirib ki, virus xəstəliklərinin müalicəsi əsasən simptomatik təyin edilir:

 

“Hərarətsalıcı dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı uşaqlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır seyrinin görüldüyü xəstələrdə qrip virusuna təsir edən dərmanların istifadəsi lazımdır. Unutmamalıyıq ki, antibiotik hərarətsalıcı deyil. Antibiotik bakterial infeksiya və təyinata göstəriş varsa, qəbul olunmalıdır. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir və müalicə yalnız mütəxəssis tövsiyəsi ilə aparılmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu