Ötən gün həyat yoldaşı tərəfindən şiddətə məruz qalan iki uşaq anası sığınacağa yerləşdirilib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Modern.az-a bildirib ki, təmsil etdiyi qurum məsələ ilə bağlı araşdırmalara başlayıb:
“Hadisə ilə bağlı qadın və sığınacaq tərəfindən bizə hansısa müraciət daxil olmayıb. Komitə sığınacaqla əlaqə saxlayıb. Bütün məlumatlar əldə edilib və artıq bu istiqamətdə fəaliyyətə başlanılıb”.
T.Mərdanoğlu deyib ki, qadının yaşadığı rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinə Komitə tərəfindən rəsmi məktub ünvanlanıb:
“Qadının və iki uşağın təhlükəsizliyini qorumaq məqsədi ilə onların hansı rayonda yaşadıqları haqda məlumat verməyi uyğun bilmirik”, - deyə, o sonda qeyd edib.
Qeyd edək ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova həyat yoldaşı və qayınanası tərəfidən dəfələrlə şiddətə məruz qalan qadın və iki uşağı haqqında məlumat paylaşıb.