“Dəmir deposu azalmağa başlayanda əvvəlcə anemiya olmaya bilər, amma zamanla dəmir defisiti yaranır ki, bu da anemiyaya səbəb ola bilər”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, qadınlarda menopauza dövründən sonra dəmir defisiti varsa, bunu araşdırmaq lazımdır:
“Allergiyası olanlarda dəmir defisiti varsa, dəmir köçürülməsi yalnız xəstəxana şəraitində olmalıdır. Bu, çox ciddi reaksiya verə bilər. Ona görə vətəndaşlar ev şəraitində sistem şəklində dəmir köçürülməsindən uzaq olsunlar. Anemiyanın səbəbləri sümük iliyində qanın yaranmasında problem, qanın parçalanmasının zəifliyi, ya da qan itkisi ilə bağlı ola bilər”.
Z.Quliyev bildirib ki, dəmir defisiti olan anemiya varsa, həmin şəxs qırmız əy yeyirsə, o zaman onun mədə-bağırsağı yoxlanmalıdır:
“Bu defisit hemotomalardan yaranan qanaxmalardan da ola bilər”.
Mütəxəssis-ekspert bildirib ki, vegeterian qidalanan insanlarda anemiyalara daha çox rast gəlinir:
“Lakin belə şəxslərin sayı çox deyil. Anemiyanın bir çox səbəbləri var. Bütün bunları müayinə nəticəsində araşdırmaq mümkündür”.