“Bütün sahələrdə baş verən zorakılıq elementləri cəmiyyətdə sosial şərtlərin ağırlaşması, pandemiyanın psixoloji basqısı, insanların düşüncə olaraq yeni dünya düzəninə hazır səviyyədə yetişdirilməməsi və mədəni səviyyənin ildən-ilə aşağı düşməsi ilə bağlıdır”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa cəmiyyətdəki gərginlikdən danışarkən deyib.
“Biz, sadəcə statistik mənada dəyəri olan adam üzərində müzakirələr aparırıq, şəxsiyyət-insan anlayışı isə hələ də arxa plandadır. Təhsilimizin də məqsədi rəqəmlərdə ifadə olanan ballar, attestatdakı qiymətlər, adambaşı nəticələr üzərindən müəyyənləşir. Bu səbəbdən də məktəbdə bir sinif otağında 30-35 şagirdin dərs keçməsi adi haldır, bağçada yer defisiti, məktəbəqədər hazırlığın ciddi effektinin və maddi bazasını zəif olması zəruri rəqəmləri cədvəllərdə doldurmaq istəyənlər üçün ciddi narahatçılıq yaratmır”.
Deputat deyib ki, zorakılığa meyilli şəxsləri bizim ailə mühitimiz və yanlış məqsəd üzərində qurulmuş təhsil sistemimiz yetişdirir:
““Narkotikanın, zorakılığın, savadsızlığın tüğyan etdiyi məktəblərimizi necə xilas edək” sualını hamımız ilk növbədə öz qarşımıza qoymalıyıq. Müəllim də ayrı planetdən gəlməyib, evdə tərbiyə olunmayan uşağın islahını 1-2 saat onunla təmasda olan müəllimin öhdəsinə buraxıb, yaxasını kənara çəkən valideynlər də bu məsuliyyətin altında özlərini hiss etməlidirlər. İnsan rifahı, sağlam insanlıq dəyərləri cəmiyyətin bütün qatlarına yayılmadıqca neqativ tendensiya bu cür də davam edəcək".