Məlum olduğu kimi, dünən iki nəfər paytaxtın Səbail rayonunda açılışı olan Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vurublar. Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli müəyyən olunaraq saxlanılıb.
Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.
Həmin şəxsləri hansı cəza gözləyir?
Modern.az xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 221.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etməsi bu şəxsin qeyd edilən maddə ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur.
Cinayət Məcəlləsinin 221.2-ci maddəsində isə eyni əməllərin, yəni həmin Məcəllənin 221.1-ci maddəsində təsbit edilmiş xuliqanlıq əməllərinin bir qrup şəxs və ya təkrar törədilməsinə, habelə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsinə görə məsuliyyət nəzərdə tutulub. Əsas müddəaları 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir:
“Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda —
iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
Bu maddənin məzmunundan görünür ki, şəxsin CM-nin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir:
əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi);
belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi;
şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi.
CM-nin 221.1-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi gedişində zor tətbiq etmə dedikdə, zərər çəkmiş şəxslə təmasda olmaqla ona fiziki ağrının yetirilməsi və ya onun döyülməsi, yaxud sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi və ya sağlamlığına yüngül zərərin vurulması başa düşülür. Xulaqanlığın törədilməsi zamanı zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır xəsarətin yetirilməsi, habelə onun qəsdən öldürülməsi CM-nin 221.1-ci maddəsinin əhatə dairisəndən çıxır və belə halllarda əməl xuliqanlıqla yanaşı həm də xuliqanlıq niyyətilə zərər çəkmiş şəxsin sağlımlığına az ağır və ağır zərərin vurulması, yaxud onun həmin niyyətlə qəsdən öldürülməsi kimi qiymətləndirilərək müvafiq olaraq CM-nin CM-nin 221.1 və 221.2-ci maddəsi ilə yanaşı həm də 127.2.3 və ya 126.2.4, yaxud da 120.2.2-ci maddəsi ilə tövsif edilir.
Bundan əlavə, Cinayət Məcəlləsinin 246-cı maddəsi (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) üzrə ittiham olunan şəxslər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.