20 Yanvar tarixinin 32-ci ildönümü ilə əlaqədar Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) görüş keçirilib.
Bakı Metropolitenindən QSC-dən Modern.az-a verilən məlumata görə, şəhid olmuş metro inşaatçısı Əflatun Kazımovun oğlu Surac və paytaxtda dinc insanlara açılan atəşlə yaralanmış Mansur Qocayevin iştirakı ilə keçirilən tədbir zamanı dəhşətli gecəni bir daha xatırlayıblar.
MİHİ sədri Arif Mərdanov o gecənin, bütün dəhşətlərinə rəğmən, Azərbaycan xalqının əzm, iradə və qətiyyətinin təzahürü, azadlığa aparan yolun başlanğıcı olduğunu qeyd edərək, metropolitençi günahsız qurbanlar Əflatun Kazımov və İlqar Qarayevin də müqəddəs bir amal uğrunda şəhid olmasını metropoliten tarixində daim xüsusi yer tutacağını və əbədi olaraq xatırlanacağını qeyd edib.
Əflatun Kazımovun övladı, hazırda depolar üzrə iş departamentində qaynaqçı kimi çalışan Surac xatirələrindən, elektrik təchizat xidmətinin əməkdaşı Mansur Qocayev o gecənin bir parçası olduqları ilə qürur duyduqlarını vurğulayıblar.
Görüşün sonunda hər iki metropolitençiyə hədiyyə və mükafatlar təqdim edilib