Azərbaycan Ordusunun Kəlbəcərdə çovğun nəticəsində itkin düşərək həlak olan baş leytenantı Bağırov Fuad Allahverdi oğlu ilə Şirvan şəhərində vida mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə, zabitin nəşi Şirvanda yaşadığı evə gətirilib.
Vida mərasimində hərbçinin yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri və hərbçilər iştirak edib. Daha sonra hərbçinin nəşi Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin və Quru Qoşunların generalları və digər yüksək rütbəli zabitlər iştirak ediblər. Şəhidimiz Fəxri Qarovulun müşayəti ilə dəfn olunub.
Fuad Allahverdi oğlu Bağırov 1991-ci ildə Şirvan şəhərində doğulub. Ailəli olub, 2 övladı var.
Qeyd edək ki, Kəlbəcər rayonunun Alagöllər səhəsində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı Azərbaycan ordusunun dörd hərbi qulluqçusu - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu xidməti tapşırığını yerinə yetirən zaman ərazidə istiqaməti itirərək azıb.
Hərbi qulluqçularımızın tapılması məqsədilə şəxsi heyətin və xüsusi texnikanın cəlb olunması ilə keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C. Hüseynov, əsgər M. Hüseynov və əsgər Y. Kərimov tapılıb. Onlar hazırda Bakıda hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.
Yanvarın 31-i günorta saatlarında isə baş leytenant Fuad Bağırovun nəşi tapılıb.
Müdafiə Nazirliyindən qanunvericiliyə uyğun olaraq xidmət zamanı həlak olmuş Bağırov Fuad Allahverdi oğluna şəhid statusunun veriləcəyi açıqlanıb.