Formula 1 yarışları üçün müraciət etmiş könüllülər müsahibədən keçirilir.
Bununla bağlı Modern.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib. Qeyd edilib ki, bu il Bakıda baş tutacaq altıncı Formula 1 yarışı üçün könüllülərin müsahibə mərhələsi fevral ayının sonuna qədər davam edəcək.
Proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük verilir. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.
Bir qayda olaraq, əməliyyat şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Belə ki, bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Burada əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir.
Qeyd edək ki, Bakıda baş tutacaq altıncı Formula 1 yarışı 10-12 iyun 2022-ci il tarixlərinə təsadüf edəcək.