Xəbər verdiyimiz kimi, Elnur Aydın oğlu Əliyev iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə E.Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
Modern.az Elnur Əliyevin dosyesini təqdim edir:
38 yaşlı Elnur Əliyev daha öncə də Mikayıl Cabbarovla birgə çalışıb. O vaxtilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində M.Cabbarovun köməkçisi olub.
M.Cabbarov Təhsil naziri vəzifəsində çalışarkən, Elnur Əliyev Nazirliyin informasiya şöbəsinin müdiri postuna gətirilib. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.
Bakı Dövlət Universitetinin məzunu olan E.Əliyev daha sonra fəaliyyətini Vergilər Nazirliyində davam etdirib.
2017-ci ildə vergilər nazirinin müşaviri təyin olunub.
Qeyd edək ki, Elnur Əliyev ixtisasca hüquqşunasdır. BDU-nun Hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnib. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıb.