Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. İclasda AMEA prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verdiyini açıqlayıb. O, yaşla əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib.
Ramiz Mehdiyevi istefaya səsləyən şəxslərdən biri də professor İdris Abbasov idi.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov Ramiz Mehdiyevin istefası ilə bağlı Modern.az-a deyib ki, bu istefadan sonra akademiya sistemində yeni bir era başlamalıdı:
“Ramiz Mehdiyevin gedib, onun yerinə kiminsə təyin olunması yox, burda strukturun dəyişməsindən söhbət gedir. Uzun illərdən bəridir akademiya sistemi xalqa bir xeyir verə bilmir, dövlətə isə ziyanı var. Alimlərin fəaliyyəti, faydallıq əmsalı çox aşağıdır. Ramiz Mehdiyevin gedişindən sonra akademiya sistemində köklü dəyişiklik olmalıdır. O getdi, yerinə başqa bir şəxs gəlməklə heç nə düzəlməyəcək. Akademiyanın çox gözəl, tarixi binası var. Deyəndə ki, akademiya dağılmalıdır, elə bilirlər bina söküləcək. Söhbət binanın uçurulmasından yox, strukturun dağılmasından gedir. Dünya praktikasına nəzər salsaq görərik ki, elmi cəhətdən məhsuldar olan müəsisələr cah-calallı, möhtəşəm deyil. Bir gəlin, akademiyanın qarşısına baxın, görün nə qədər bahalı, son model maşınlar var. İnsanlar sanki akademiyaya əylənməyə, kefə gəlirlər. Elmləri doktoru və ya namizədin bir labaratoriyası olmalı, orda işləməlidir”.
Professor qeyd edib ki, AMEA-nın institutları mərkəzdə yox, şəhərdən kənarda olmalıdır:
“Bu institutlar Saray qəsəbəsində, Xırdalanda - şəhərdən tam kənarda da ola bilər, təki məhsul versin, bir faydasını görək. Şəhərin mərkəzinə 10 mindən çox adam yığışıb, heç bir iş də görülmür. Bunu hər yerdə deyirlər ki, akademiya uzun müddət Ramiz Mehdiyevin kurasiyasında olub. Ramiz Mehdiyevin getməsini ona görə istəmişəm və istəyirəm ki, akademiyanın sistemi dəyişsin. Əgər orada köhnə kadrlar hamısı varsa, müftəxorluğa öyrəşiblərsə, kim gəlsə gücü çatmaycaq. Akademiyanın kommunal xərclərini hesablasaq, alimlərin fəaliyyəti o xərci ödəyə bilməz. Strukturu dəyişəcək namizədlər var, fikrimcə, bu işlə Prezident Administrasiyası məşğul olmaldır. Prezidentin özünün də etimad etdiyi, inandığı kadrlar var.
Mən də inanıram ki, belə kadrlar var, sadəcə olaraq dövlətin iradəsi vacibdir. Akademiya artıq bir mərəzə çevrilib, mən özüm də orada çalışıram, həqiqəti demək lazımdır. 21-ci əsrin 22-ci ilində akademiyada faydalı iş əmsalı sıfıra bərabərdir”.