Modern.az

Elmi adların verilməsilə bağlı şikayətlərə rəsmi REAKSİYA

Elmi adların verilməsilə bağlı şikayətlərə rəsmi REAKSİYA

Aktual

16 Fevral 2022, 11:14

“Sovet dönəmində elmi adların, elmi dərəcələrin verilməsi ideologiya ilə bağlı olmayıb. O dövrdə elmi adları ali məktəblər ona görə verirdi ki, elm adamları dürüst, ədalətli idi, rüşvət və korrupsiya yox idi. Zaman keçdi, 15 müttəfiq respublika, daha çox Orta Asiya ölkələri, o cümlədən Cənubi Qafqaz respublikaları bu hallardan sui-istifadə etməyə başladılar”.

 

Bunu Modern.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, deputat Anar İsgəndərov elmi adların verilməsi ilə bağlı narazılıqlara münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda uzun müddət arxeologiya, etnoqrafiya üzrə elmi şura olmayıb:

 

“Bu şura Tbilisidə fəaliyyət göstərirdi. Ancaq SSRİ Ali Attestasiya Komissiyası deyilən ədalətli bir orqan var idi. Mənim gənc aspirant dövrüm o vaxta təsadüf edib. Tanış tapmağa, hörmət etməyə çalışan yüzlərlə adamın adını çəkə bilərəm. 1992-ci ilə qədər SSRİ-nin dağılmasına baxmayaraq, işlər Moskvaya Ali Attestasiya Komissiyasına göndərilirdi. Sonra bizim Ali Attestasiya Kommisiyası yaradıldı. Kifayət qədər uğurlu işlərimiz olub, amma bu uğurlu işlərlə yanaşı, bəzi müdafiə işləri tələbləri ödəməyib.

 

Ali Attestasiya Komissiyasının rəhbərliyi 3 ildir dəyişilib, sistem yenilənib. Tarix və arxeologiya üzrə ekspert şurasının sədri kimi deyə bilərəm ki, vicdanla, ədalətlə işləyirik. Məncə, bir iddiaçı narazı qala bilməz. “Bu meydan, bu şeytan” deyib tribunanı iddiaçıya verirəm, “disertasiyanı müdafiə et” demirəm, 10-12 dəqiqə məlumat verməsini istəyirəm. Bilirsizmi nə qədər iddiaçı var ki, işindən xəbəri yoxdur, öz işinin adını belə bilmir”.

 

 

Tarixçi alimin sözlərinə görə, Azərbaycanda elmi ad almaq istəyən bir çox şəxslərin müdafiə işi başqaları tərəfindən yazılır, amma elmi rəhbər belə işlərin üstünü açmır:

 

“Son 1 ildə hər kəs başa düşüb ki, artıq əyri yol yoxdur, düz və ədalətli yol var. Son sualı iddiaçıya verirəm ki, sən mənim yerimə olsan nə edərdin? Cavab “sizin kimi edərdim” olur.  Azərbaycan elmi haqqında danışanda hamı deyir ki, bərbad vəziyyətdədir. Neqativ hallara qarşı vicdanla mübarizə aparırıq. Bir ziyalı halal ilə haramı ayırd edə bilmirsə, ondan nə gözləyək. Özlərini sübut edə bilməyəndə qaçırlar jurnalistin üstünə ki, komissiya ədalətli deyil. Xahiş edirəm ki, o jurnalistlər gəslinlər tribunada verilən cavablara bir qulaq assınlar”.

 

Qeyd edək ki, son zamanlar elmi ad və dərəcə almaq istəyən bir çox şəxslər Ali Attestasiya Komissiyasında süründürməçiliklə üzləşdiklərini iddia edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi