Modern.az

“Köhlən atlar”ın Marsel sınağı: Tarixi oyundan GÖZLƏNTİLƏR

“Köhlən atlar”ın Marsel sınağı: Tarixi oyundan GÖZLƏNTİLƏR

Aktual

17 Fevral 2022, 13:02

Bu gün “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə Fransanın “Marsel” komandası ilə qarşılaşacaq.

 

“Velodrom” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.

 

Qeyd edək ki, “Marsel” və “Qarabağ” avrokuboklarda ilk dəfə qarşılaşacaqlar. Hər iki komanda cari mövsüm qrup mərhələsində cəmi bir oyunda uduzub. Fransa təmsilçisi UEFA Avropa Liqasında qrup üçüncüsü olduğu, Ağdam klubu isə UEFA Konfrans Liqasında mübarizə apardığı H qrupunu ikinci sırada başa vurduğu üçün pley-offa vəsiqə qazanıb.

 

“Köhlən atlar”ın heyətində Şahruddin Məhəmmədəliyev və Xayme Romero zədəlidir, Bədavi Hüseynov, Abbas Hüseynovun isə meydana çıxması sual altındadır. Meydan sahiblərində isə yeganə itki Valenten Ronjyenin cəzalı olmasıdır.

 

 

“Qarabağ” Fransa sınağından necə çıxacaq, gözləntilər nələrdir?

 

Tanınmış idman jurnalisti Aydın Bağırov Modern.az-a bildirib ki, “Marsel” bu mövsüm “Qarabağ”ın qarşılaşacağı çətin rəqib olacaq:

 

“Komanda hazırda Fransa Liqasında PSJ-dən sonra 2-ci yeri tutur. Heyətində çox güclü oyunçuları var. Çengiz Ünder (Türkiyə millisi), Arkadiuş Milik (Polşa), Dimitri Payet (Fransa), bu günlərdə Seneqal millisinin heyətində Afrika çempionu olmuş Pape Qeye, Bamba Dienq və digərlərini göstərmək olar. Oyunun favoriti “Marsel” olsa da, mənə elə gəlir ki, matçın taleyi Fransada deyil, Bakıdakı cavab oyununda həll olunacaq”.

 

 

Onun sözlərinə görə, Ağdam komandası tarixinin ən yaxşı dönəmini keçirir, oyundan oyuna inkişafa doğru gedir:

 

“Məlumdur ki, “Qarabağ” ilk dəfədir qrup səddini keçib. Qrupun oyunları dekabrda bitib, pley-off fevralda başlayır. Bu o deməkdir ki, rəqibi daha dərindən öyrənmək, təhlil etmək, matça yaxşı hazırlaşmaqbaxımından baş məşqçi Qurban Qurbanovun iki aylıq vaxtı olub. İlk dəfədir ki, Azərbaycan klubunun avrokubokdakı matça hazırlığı üçün belə uzun zaman yaranıb. Ona görə də düşünürəm ki, hətta 1 qollu minimal hesablı məğlubiyyət belə, “Qarabağ” üçün pis nəticə sayılmamalıdır (heç-heçə və qələbə isə əsl sensasiya olar). Çünki cavab görüşü Bakıda olacaq və güclü azarkeş dəstəyi ilə rəqibi keçmək mümkündür. Əsas odur ki, “Bazel”lə İsveçrədəki görüşdəki kimi nəticəyə təsir göstərən, böyük hesablı məğlubiyyətə gətirib çıxaran hakim səhvi olmasın.

 

Xoş məqam odur ki, rəqibin gücü, Fransada mümkün erməni təxribatının olacağına dair versiyalar komandanın fikrini oyuna kökləməkdən yayındıra bilmədi. Belə məsuliyyətli matçlar öncəsi bu, böyük psixoloji üstünlükdür. Qurban Qurbanovun dünənki mətbuat konfransında “komandama güvənirəm, istəkliyik” kimi inamlı, qətiyyətli açıqlaması da komandada ruh yüksəkliyindən xəbər verir”.

 

 

Jurnalist daha bir məqama diqqət çəkərək deyib:

 

“Neçə vaxtdır “Marsel”də futbolçularla baş məşqçi Xorxe Sampoeli arasında münasibətlər kəskinləşib, komanda daxilində gərginlik indi də davam edir. “Qarabağ”da isə əksinə həmişəki kimi güclü birlik var. Bu, “Qarabağ”ın lehinə işləyən faktordur.

 

Sonda bir narahatlığımı da qeyd edim. “Qarabağ”da Şahruddin Məhəmmədliyevin zədə səbəbindən oynamaması komandaya təsirini göstərə bilər. Güman ki, bu gün əsas qapıçı kimi meydana gürcüstanlı yeni transfer Luka Quqeşaşvili çıxacaq. Antalyada olarkən Lukanın oyunlarını izləmişdim. Yaxşı seyvləri olsa da, az səhvlər də etmədi. Bu, “Qarabağ”a yeni qoşulması, tam adaptasiya olmaması ilə bağlı ola bilərdi. İnanmaq istərdim ki, narahatlığım əbəs olacaq və Luka ən yaxşı oyunlarından birini keçirəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi