Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağının keçiriləcəyi barədə məlumat yayılıb.
AMEA-nın Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva Modern.az-a açıqlamasında deyib ki, iclasın keçirilməsi barədə hələ qəti qərar verilməyib:
“Ayın 19-da iclasın keçirilməsi planlaşdırılır, ancaq qəti qərar deyil. Hazırda iştirak edəcək şəxslərin sayı müəyyənləşdirilir. İclasın keçirilməsi bu saydan asılı olacaq. Say məlum olduqdan sonra iclasın keçirilməsi qətiləşəcək”.
AMEA prezidentliyinə namizəd olaraq akademik Arif Həşimovun ehtimal olunması sualına cavab olaraq, Mətbuat xidmətinin rəhbəri söyləyib ki, gündəliklə bağlı dəqiq məlumat yoxdur.
AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verdiyini bəyan edib. Nizamnaməyə görə, onun istefa ərizəsi AMEA-nın Ümumi Yığıncağında təsdiqlənməli, sonra dövlət başçısı tərəfindən müvafiq sərəncam verilməlidir.